Bu gün Torpaq çərşənbəsi qeyd olunur - İNANCLAR

Bu gün Torpaq çərşənbəsi qeyd olunur - İNANCLAR
Kateqoriya məlum deyil
T

Bu gün Azərbaycanda Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunur.

 

Sfera.az xəbər verir ki, Novruz bayramı ərəfəsində qeyd olunan dörd çərşənbədən sonuncusu olan Torpaq çərşənbəsi xalq arasında xüsusi məna daşıyır.

 

Bu gün torpağın oyanması, həyatın yenidən canlanması və bolluq-bərəkətin başlanğıcı kimi qəbul edilir. Qədim inanclara görə, məhz bu çərşənbədə torpaq “nəfəs alır”, qışın donu tamamilə çəkilir və təbiət yazın gəlişini hiss etməyə başlayır. İnsanlar bu günü yeni başlanğıclar üçün uğurlu sayır, torpaqla bağlı işlərə - əkinə, bağ-bağçaya diqqət yetirməyə çalışırlar.

 

Torpaq çərşənbəsi ilə bağlı xalq arasında müxtəlif inanclar formalaşıb. Deyilir ki, bu gün torpağa toxunan insanın ili bərəkətli keçər. Bəzi bölgələrdə insanlar səhər tezdən həyətə çıxaraq torpağı belləyir və ya sadəcə torpağa əl vuraraq niyyət tutur. Digər bir inanca görə, bu gün torpağa atılan toxum tez cücərər və məhsul bol olar. Həmçinin evdə təmizlik işlərinin görülməsi, həyətin səliqəyə salınması da torpağa hörmət əlaməti kimi qəbul edilir.


Qədim adətlərdən biri də ocaq qalamaqdır. İnsanlar tonqal qalayaraq onun üzərindən tullanır, bununla da köhnə ilin ağırlıqlarından qurtulduqlarına inanırlar. Torpaq çərşənbəsində yandırılan tonqalın külünün bərəkət gətirdiyi düşünülür və bəzi yerlərdə bu kül bağlara səpilir. Bu isə torpağın daha məhsuldar olacağına dair inancın göstəricisidir.


Torpaq çərşənbəsi təkcə təbiətin deyil, həm də insan ruhunun yenilənməsi kimi dəyərləndirilir. İnsanlar küsülüləri barışdırmağa, yaxşı niyyətlər tutmağa çalışır. Bu çərşənbə xalqın təbiətlə harmoniyada yaşamaq ənənəsinin, torpağa olan bağlılığının və minilliklərdən gələn mədəni yaddaşının canlı ifadəsi kimi bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ