Xəzərdə quruma nə zamanadək davam edəcək? - AÇIQLAMA

Son illərdə iqlim dəyişiklikləri və ekoloji problemlər dünyanın müxtəlif bölgələrində su ehtiyatlarına ciddi təsir göstərir. Xüsusilə qapalı su hövzələrində su səviyyəsinin dəyişməsi həm ekosistem, həm də iqtisadi fəaliyyət üçün mühüm nəticələr yaradır.
Temperaturun artması, yağıntı rejiminin dəyişməsi və çayların su axınının azalması bu prosesləri daha da sürətləndirə bilər. Bu kontekstdə region üçün strateji əhəmiyyət daşıyan Xəzər dənizi ilə bağlı da narahatlıq doğuran məlumatlar yayılır. Məlumata görə, Xəzər dənizində suyun səviyyəsi tarixi minimuma yaxınlaşır.
Bu vəziyyət sahilyanı ekosistemlərə, balıqçılıq təsərrüfatına və liman infrastrukturlarına mümkün təsirləri baxımından mütəxəssislərin diqqətini cəlb edir.
Maraqlıdır, bu tendensiya nə vaxta qədər davam edə bilər?
Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, hazırda dünyada iqlim dəyişikliyi sürətlə davam edir:

“Bu, havanın hərarətinin yüksəlməsi fonunda davam edir və bizim kimi okeandan xeyli uzaqda olan ölkələrdə quraqlıq şəklində hiss olunur. Amma okeana yaxın ölkələrdə, ada dövlətlərində isə, subasmalarla, yağıntılarla müşahidə olunur. Təbiətdə gedən prosesi nizamlayan güc elə nizamlayıb ki, biz ona sadəcə və sadəcə zərər veririk. Ona görə də cəzalanmalıyıq. Xəzər dənizinin səviyyəsinə gəldikdə isə, Xəzər dənizinin səviyyəsinin tarixi minimuma yaxınlaşması düzgün haldır və bu əvvəllərdə olub”.
Ekoloq vurğulayıb ki, tarixdə də Xəzər dənizində enmə və yüksəlmələr baş verib:
“Xəzər dənizi Tetis okeanının bir hissəsidir. Qara dənizdən milyonlarla il əvvəl ayrılıb. Səviyyəsi azala-azala gedib. Yaxud da Qafqaz dağlarının yüksəlməsi fonunda azalma baş verib. Xəzər dənizi Aral dənizindən ayrılıb. İndi də Xəzər dənizində müəyyən enişlər görünməkdədir. Çox aşağı həddə enmə müşahidə olunur. Amma yaxın vaxtlarda Xəzər dənizinin quruması gözlənilmir. İnanıram ki, zamanla Xəzər dənizi yenidən yüksələcək. Bu, Xəzər dənizində dəfələrlə baş verib. Xəzər dənizi bir neçə metr aşağı enib və yüksəlib. İndidə həmin proses gedir”. Müsahibimiz əlavə edib ki, sahilyanı dövlətlər buna xüsusilə diqqət edəcəklər. Suvarmaya istifadə olunan Volqa çayı, Kür çayı, Terek çayı, Ural çayının Xəzərə axıdılması təmin olunacaq. Yaxın vaxtlarda bununla bağlı lazımlı addımların atılması gözlənilir".
Niyaz Hacıyev
Sfera.az
