"Kişilərə qarşı zorakılıq artıb, Cinayət Məcəlləsində yenilik olacaq" - MÜSAHİBƏ

Azərbaycanda məişət və gender əsaslı zorakılıq cəmiyyətin ən həssas sosial problemlərindən biri olaraq qalır. Son illərdə bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, sığınacaqların və sosial xidmətlərin genişləndirilməsi, həmçinin maarifləndirmə tədbirlərinin artırılması ilə bağlı mühüm addımlar atılsa da, problem hələ də aktuallığını qoruyur. Rəsmi məlumatlara görə, 2025-ci ildə ölkədə məişət zorakılığı ilə bağlı 1396 cinayət faktı qeydə alınıb, bu hadisələr nəticəsində 1176 qadın zərər çəkmiş şəxs kimi tanınıb. Ümumilikdə isə həmin cinayətlər arasında qəsdən adam öldürmə, sağlamlığa ağır və az ağır zərər yetirmə kimi ağır faktlar da yer alıb.
Statistika göstərir ki, məişət zorakılığı yalnız fiziki zorakılıqla məhdudlaşmır. Dövlət Statistika Komitəsinə daxil olan müraciətlərin əksəriyyəti fiziki zorakılıqla bağlı olsa da, psixoloji, iqtisadi və cinsi zorakılıq halları da qeydə alınır. Məsələn, 2024-cü il üzrə 52 kişi, 534 qadın, 436 uşaqla bağlı olmaqla ümumilikdə 594 müraciət daxil olub. 2025-ci il üzrə isə bu rəqəm 558-ə çatıb. Belə ki, müraciət edənlərdən 83 kişi, 539 qadın, 515 uşaqla bağlı olub.
Bəzi hallarda bu cür zorakılıqlar ağır nəticələrə də gətirib çıxarır. Məsələn, rəsmi statistikaya görə, 2024-cü ildə məişət zorakılığı nəticəsində 49 nəfər həyatını itirib və onların 29-u qadın olub. Bu faktlar problemin cəmiyyət üçün nə qədər ciddi təhlükə yaratdığını göstərir. Son illərdə mediada ailədaxili münaqişələr, qısqanclıq və zorakılıq zəminində baş verən qətl və ağır xəsarət hadisələri ilə bağlı xəbərlərin artması da mövzunun aktuallığını bir daha gündəmə gətirir.
Mütəxəssislər hesab edir ki, rəsmi statistikada əks olunan rəqəmlər problemin yalnız görünən hissəsidir. Bir çox qurban sosial təzyiq, qorxu, ailə münasibətlərinin pozulması və ya iqtisadi asılılıq səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmir. Bu isə real vəziyyətlə rəsmi göstəricilər arasında fərqin yaranmasına səbəb olur.
Mövcud vəziyyət fonunda dövlət qurumları tərəfindən hüquqi mexanizmlərin gücləndirilməsi, qurbanların müdafiəsi və reabilitasiyası istiqamətində yeni proqramlar həyata keçirilir.
Bu proseslərin necə getdiyini, son illərdə qanunvericilikdə hansı dəyişikliklərin edildiyini və mövcud problemlərin həlli yollarını öyrənmək üçün Sfera.az-ın əməkdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi, Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılmış Monitorinq və Əlaqələndirmə Qrupunun Məsul Katibi Rahil Süleymanzadə ilə söhbətləşib.

- Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə sahəsində son illərdə hansı dəyişikliklər olub?
- 2024-cü və 2025-ci illərdə Məişət zorakılığının qarşısının alınmasına dair qanunvericiliyə bir sıra mühüm dəyişikliklər edilib. Ümumilikdə 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana edilən dəyişikliklərdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun əhatə etdiyi subyektlərin dairəsinin genişləndirilməsi, zərər çəkmiş şəxsin zorakılığı törədən şəxslə barışığa sövq edilməsi aktuallığını itirməsi, yetkinlik yaşına çatmayan məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olduqda onların təcili valideynlərindən və ya onları əvəz edən şəxslərdən alınması, qısamüddətli mühafizə orderlərinin təqdim olunması qaydasında əsaslı dəyişikliklər edilməsi, məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin təkrar pozulması yeni inzibati xəta tərkibi yaratması, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni qurumlararası əlaqələndirmə mexanizmi yaradılması nəzərdə tutulub.
2024-cü ildə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib. Məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinqin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması Monitorinq və əlaqələndirmə qruplarının əsas fəaliyyət istiqamətləridir.
2025-ci ildə Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq olunub.
Son illərdə bu sahədə hüquqi baza və institusional mexanizmlər gücləndirilib. Qadın və uşaqların müdafiəsi ilə bağlı qanunvericilik təkmilləşdirilmiş, sığınacaqların fəaliyyəti genişləndirilmiş və maarifləndirmə tədbirləri artırılmışdır. Dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq daha da gücləndirilib.
- Rəsmi statistika ilə real rəqəmlər arasında fərq niyə olur?
- Bunun əsas səbəbi bəzi qurbanların sosial təzyiq, qorxu, ailə və iqtisadi asılılıq səbəbindən şikayət etməməsidir. Cəmiyyətdə mövcud olan stereotiplər də problemlərin gizli qalmasına təsir edir.

- Son illərdə müraciət edən qadın və kişilərin statistikasında hansı tendensiyalar var?
- Dövlət Komitəsinə daxil olan müraciətlərin sayında artım müşahidə olunur. Belə ki, 2024-cü ildə kişilərlə bağlı 52, qadınlarla bağlı 534, uşaqlarla bağlı 436 müraciət daxil olubsa artıq 2025-ci ildə kişilərlə bağlı 83, qadınlarla bağlı 539, uşaqlarla bağlı 515 müraciət daxil olub. Bu artım həm kişilər, həm qadınlar, həm də uşaqlarla bağlı Dövlət Komitəsində daxil olan müraciətlərdə öz əksini tapır. Bu artım bir tərəfdən problemin mövcudluğunu göstərirsə, digər tərəfdən insanların hüquqi mexanizmlərə daha çox güvənməsi və məlumatlılığın artması ilə bağlıdır.
- Qurbanların sosial reabilitasiyası üçün hansı proqramlar həyata keçirilir?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”na əsasən yardım mərkəzləri zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin edirlər, zərər çəkmiş şəxslərin hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım göstərirlər, pozulmuş və yaxud itirilmiş funksiyaların bərpasına yönəldilmiş müalicəvi tədbirləri həyata keçirirlər, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrini aradan qaldırmaq, psixoloji, fizioloji və anatomik pozuntuları tam və ya qismən bərpa etmək istiqamətində tədbirlər görürlər, məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirirlər və zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirləri həyata keçirirlər.
- Qurbanların şikayət etməməsi problemini aradan qaldırmaq üçün nə etmək lazımdır?
- Bildiyiniz kimi, müxtəlif dövlət orqanlarının qaynar xətt xidmətləri olsa da, ölkə üzrə vahid qaynar xətt xidmətinin olmaması qurbanların aidiyyəti dövlət qurumuna müraciət etməsində çətinlik yaradır. Problemlərin aradan qaldırılması üçün maarifləndirmə tədbirləri artırılmalı, stereotiplər aradan qaldırılmalı və qurbanların təhlükəsizliyi təmin edilməlidir.
- Məhkəmə prosesində qadınların dindirilməsi zamanı hansı həssas yanaşmalar tətbiq olunur?
- Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət mühakimə icraatı zamanı şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar konfidensiallığın qorunması məqsədi ilə qapalı məhkəmə iclasında tədqiq edilməlidir.
Eyni zamanda, 23 iyul 2024-cü il tarixdə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən sənədlərin əldə edilməsinə kömək göstərilməsi, zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi, zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi nəzərdə tutulub.
Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardım məişət zorakılığından zərər çəkmiş şəxsə onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi yardımdır.
Hüquqi yardım göstərən subyektlər dövlət yardım mərkəzləri və müvafiq ərazi üzrə yerləşən vəkil qurumlarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərdən ibarətdir.
- Sosial işçilərin və psixoloqların rolu nədir?
- “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Sosial işçilər və psixoloqlar yardım mərkəzlərində zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə və yeni peşələrə yiyələnmələrinə köməklik göstərir, zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil edirlər. Zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərir, zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin edirlər. Zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün müvafiq tədbirlər həyata keçirirlər.
- Qurbanların gizliliyinin qorunması üçün hansı tədbirlər görülür?
- “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplərdən biri məhz şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsidir. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər görülən zaman, eyni zamanda zərər çəkmiş şəxslərə yardım göstərildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməlidir. Xidməti fəaliyyəti ilə bağlı məişət zorakılığı barədə müraciətlərin araşdırılması zamanı məlumatların konfidensiallığını təmin etməyən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
- Qoruyucu order mexanizmi nə dərəcədə effektivdir?
- Bu mexanizm qanunvericilikdə mühafizə orderi olaraq adlandırılır. Mühafizə orderləri iki cür olur: qısamüddətli mühafizə orderlər və uzunmüddətli mühafizə orderləri.
Qısamüddətli mühafizə orderlərinin təqdim olunması qaydasında 2024-cü ildə əsaslı dəyişikliklər edilib. Belə ki, qısa müddətli mühafizə orderi 24 saat keçənədək dərhal verilir. Əvvəllər 30 günədək müddətə verilirdisə, artıq 60 gün müddətinədək verilir və qanunvericilikdə imperativ norma qaydasına salınib. Mühafizə orderləri qurbanların təhlükəsizliyinin təmin olunması, onların yenidən məişət zorakılığına məruz qalmasının qarşısının alınması məqsədi daşıyır.
- Tam Yuvenal ədliyyə sistemi ilə bağlı yenilik varmı?
- Bu layihə Dövlət Komitəsi tərəfindən hazırlanmış yeni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu il Milli Məclis tərəfindən qəbul edilib. 63 maddədən ibarət olan qanun layihəsində dövlət uşaq siyasətinin 6 məqsədi, uşaq hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin 9 vəzifəsi, uşaqların mənafelərinin üstünlüyünün 11 əsas təminatı müəyyən edilmiş, 33 uşaq hüquq və azadlıqların dövlət təminatları geniş formada əks olunub.
Uşaqlar barəsində icraat uşağın iştirakı, onun təhlükəsizliyinin təmin olunması, uşaq hüquqlarına və azadlıqlarına hörmət edilməsi və onların səmərəli şəkildə həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyü, uşağın ləyaqətinə hörmət edilməsi, qeyri-bərabər rəftarın yolverilməzliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır. Uşağın iştirakı ilə və ya ona aid hər hansı məsələ ilə bağlı icraat uşağın psixoloji, sosial, emosional və fiziki sağlamlığının qiymətləndirilməsi və onun üstün mənafelərinin müəyyən edilməsi məqsədilə hərtərəfli yanaşmadan istifadə etməklə həyata keçirilir. Uşaqlar barəsində icraatın onların üstün mənafeləri nəzərə alınmaqla həyata keçirilməsinə dövlət təminat verir.
Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər daxil edilib ki, bu da yuvenal ədliyyə sisteminin bir sıra mühüm xüsusiyyətlərini özündə əks etdirir. Yuvenal Ədliyyə ilə bağlı digər qanunvericilik aktlarında müddəalar mövcuddur. Bu istiqamətdə gələcəkdə müəyyən addımların atılması davam etdiriləcəkdir.

- Beynəlxalq təcrübədən hansı modellər tətbiq oluna bilər?
- Məişət zorakılığı ilə bağlı bir çox ölkələrin təcrübəsi öyrənilib. Düşünürük ki, Türkiyə modeli ölkəmiz üçün daha uyğun olan bir modeldir. Multidissiplinar yanaşma, “bir pəncərə” xidmət modeli, sosial xidmətlər və erkən müdaxilə proqramları həmin ölkənin uğurlu nümunələri hesab olunur. (KADES) tətbiqi Türkiyə Respublikasında son illərdə artan qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının almaq və onlara kömək etmək üçün istifadəçilərə təklif olunan rəsmi proqramdır. Həyat yoldaşları və ya qohumları tərəfindən zorakılığa məruz qalan və ya məruz qalma riski altında olan qadınlar smartfonları vasitəsilə hesabat verməklə bu məqsədlə yaradılmış Qadınlara Təcili Yardım Məlumatlandırma Sisteminə tez daxil ola bilərlər. Smartfondan istifadə edən qadın “Google Play Store” və “Apple Store”dan “Qadınlara Dəstək Proqramı (KADES)” yükləyə, serverlərindən aldığı aktivasiya kodunu daxil edərək aktivləşdirə bilər. Bu proqramla məişət zorakılığı və qadınlara qarşı zorakılığın qurbanı olan qadınlar fövqəladə hallarda cihazlarının yer məlumatlarını aktivləşdirə və bir toxunuşla “112 Təcili Zəng Mərkəzi”nə müraciət edə bilərlər. Bu, hadisə yerinə ən yaxın qrup və ya patrulun göndərilməsini və müdaxiləsini təmin etməkdədir. Proqram türk dilindən başqa 4 dili dəstəkləyir: ərəb, fars, ingilis, rus və fransız. Bu təcrübə gələcəkdə ölkəmizdə tətbiqi məqsədi ilə öyrənilib.
- Əsas boşluq hansı sahədə daha çox hiss olunur?
- Məişət zorakılığı törədən şəxslərlə işin aparılmaması, onların reabilitasiyası əsas problemlərdən biri olaraq qalmaqdadır. Məsələn, bir çox Avropa ölkələrində bununla bağlı proqramlar həyata keçirilir və bu proqramlar imperativ norma qaydasında tətbiq olunur. Yəni həmin ölkələrdə zorakılıq törətmiş şəxslə işin aparılması məcburi olaraq həyata keçirilir.
Ölkədə 8 akkreditasiyadan keçmiş yardım mərkəzi və həsas qrupdan olan şəxslər üçün 1 sığınacaq fəaliyyət göstərir. Həmin yardım mərkəzlərinin 6-sı sığınacaq kimi fəaliyyət göstərir. Yardım mərkəzlərinin az olması, vahid qaynar xətt xidmətinin olmaması bu gün qarşılaşdığımız çətinliklərdəndir.
- Gələcəkdə hansı yeni təşəbbüslər planlaşdırılır?
- Yaxın gələcəkdə Cinayət Məcəlləsinə məişət zorakılığı ilə bağlı maddənin əlavə edilərək kriminallaşdırılması, məişət zorakılığı faktlarının ağırlaşdırıcı hal kimi müəyyən edilməsi, eyni zamanda mühafizə orderlərinin təkcə yerli icra hakimiyyəti orqanları tərəfindən deyil, polis və prokurorluq tərəfindən verilməsi məsələsi də gündəmdədir. Bununla əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən yeni qanun layihələri hazırlanib. Aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra hökumətə təqdim ediləcək.
- Zorakılıqla üzləşən insanlar ilk olaraq nə etməlidir?
- İlk növbədə, zorakılıqla üzləşən şəxslər hüquq-mühafizə orqanlarına, yaşadığı (olduğu) yer üzrə yerli icra hakimiyyətinə və yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarına, yaşadığı (olduğu) yer üzrə bələdiyyəyə, Uşaq və Ailələrə Dəstək Mərkəzinə, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yerli şöbələrinə və Sosial Xidmətlər Agentliyinin yerli şöbələrinə müraciət etmələri tövsiyə olunur.
Firuzə Əliyeva
Sfera.az
