"Neft torpaqlarındakı evlər özəlləşdirilməlidir" - Millət vəkili

"Təmsil etdiyim Sabunçu rayonunun Bakıxanov qəsəbəsində zirzəmisi su ilə dolu binalarla bağlı heç bir irəliləyiş yoxdur. Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi də yenə növbəti illərə ertələnib. Əminəm ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəl sektoru bürokratik basqıdan qorumaq şərti ilə yaxın beş il müddətində ölkə ərazisində qəzalı bina söhbətinə son qoyula bilər".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını Sabunçu rayonuna göndərirlər:
"Avtomobil yolunun üzərində əməlli-başlı bir müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yox, nə yağırsa yolun üstünə toplanır və Günəş qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər.
Qeyd edim ki, Neft Şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizin qazandığımız gündən başlayaraq bu ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərinin boş qalmış xeyli hissəsində də artıq neft də çıxarılmır. Adətən biz büdcəyə vəsait qazandırmanın ən bəsit yolu olan vətəndaşın və sahibkarın hesabına cərimə növlərinin genişləndirilməsi və məbləğinin artırılmasına üz tuturuq. Halbuki, artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik.
Ancaq uzun müddətdir burada nə torpağın təmizlənməsi gerçəkləşdirilir, nə 20-30 ildən artıq məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlarda geniş park massivi salinmasına təşəbbüs göstərilir".
Millət vəkili digər problemlərə də toxunub:
"Aldığım məlumata görə yeni çəkilən Dərnəgül- "Sea-Breeze" yolunun Balaxanıya yaxın hissəsində böyük bir park kompleksinin salınması nəzərdə tutulur, əlbəttə bu ideyanı alqışlayıram. Eyni parkdan Balaxanı ilə Zabrat arası yolun sol tərəfinə geniş ərazidə salınması imkanlarına baxılmasını da hökumətdən xahiş edirəm. Real olaraq 150 min əhalinin yaşadığı Zabarat qəsəbəsində nümunə göstərməyə bircə park tapa bilməzsən. Həm də bunu dövlətin maliyyə vəsaiti ilə deyil, sahibkarları stimullaşdırmaqla etmək mümkündür".
Firuzə Əliyeva
Sfera.az
