Ekoloji nəqliyyatın rolu artır: Mikromobillik şəhərlərin gələcəyini necə dəyişir?

Ekoloji nəqliyyatın rolu artır: Mikromobillik şəhərlərin gələcəyini necə dəyişir?
Kateqoriya məlum deyil
T

Dünyada sürətlə artan urbanizasiya və nəqliyyat sıxlığı şəhərlərdə ətraf mühitin qorunması məsələsini daha da aktuallaşdırır. Son illər bir çox ölkədə olduğu kimi, Azərbaycanda da daha ekoloji və dayanıqlı nəqliyyat modellərinə keçid prosesi sürətlənir.

 

Sfera.az bildirir ki, bu kontekstdə mikromobillik, yəni velosiped, elektrik skuterləri və digər kiçik nəqliyyat vasitələri şəhər nəqliyyat sisteminin mühüm elementlərindən birinə çevrilir.

 

Mütəxəssislərin fikrincə, mikromobillik vasitələri ənənəvi avtomobil nəqliyyatı ilə müqayisədə ətraf mühitə daha az zərər verir. Bu nəqliyyat vasitələri əsasən elektrik enerjisi ilə işlədiyi və ya fiziki gücə əsaslandığı üçün karbon emissiyası yaratmır və ya çox minimal təsir göstərir. Bu isə xüsusilə böyük şəhərlərdə hava keyfiyyətinin qorunması baxımından əhəmiyyətli hesab olunur.


Ekoloqlar qeyd edirlər ki, şəhərdaxili səfərlərin böyük hissəsi qısa məsafələrdən ibarətdir. Belə səfərlər üçün avtomobillərdən istifadə həm yanacaq sərfiyyatını artırır, həm də atmosferə əlavə zərərli qazların buraxılmasına səbəb olur. Mikromobillik vasitələri isə bu problemi qismən aradan qaldıra bilər. Bundan başqa, bu nəqliyyat vasitələri tıxacların azalmasına, şəhər mərkəzlərində hərəkətin daha çevik təşkilinə və insanların daha aktiv həyat tərzinə keçməsinə müsbət təsir göstərir.
Azərbaycanda da bu sahəyə marağın artdığı müşahidə olunur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yayılan məlumata görə, 2026-cı ildə mikromobillik vasitələrindən istifadə ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, 2025-ci ilin fevral ayı ilə müqayisədə 2026-cı ildə mikromobillik xidmətləri üzrə sifarişlərin sayı 2,6 dəfə, istifadəçilərin sayı isə 2,2 dəfə yüksəlib. Həmçinin bu vasitələrlə qət edilən ümumi məsafədə də 2,2 dəfə artım qeydə alınıb.
Statistikaya görə, ən böyük artım velosiped istifadəsində müşahidə olunub. 2026-cı ildə velosiped sifarişlərinin sayı 64 339-a çatıb ki, bu da əvvəlki illə müqayisədə 8,8 dəfə artım deməkdir. Bu göstərici şəhər sakinlərinin alternativ və ekoloji nəqliyyat vasitələrinə marağının yüksəldiyini göstərən mühüm indikatorlardan hesab olunur.


Mikromobillik yalnız fərdi nəqliyyat vasitəsi kimi deyil, həm də ictimai nəqliyyatın tamamlayıcı elementi kimi böyük potensiala malikdir. Bir çox ölkələrdə insanlar metro və ya avtobusdan düşdükdən sonra qalan qısa məsafəni velosiped və ya elektrik skuteri ilə qət edir. Bu model nəqliyyat sisteminin daha çevik və effektiv işləməsinə imkan yaradır.


Bununla yanaşı, mikromobilliyin geniş yayılması üçün şəhər infrastrukturu da təkmilləşdirilməlidir. Xüsusilə Bakı kimi iri şəhərlərdə velosiped zolaqlarının artırılması, təhlükəsiz hərəkət qaydalarının tətbiqi və bu nəqliyyat vasitələri üçün xüsusi dayanacaqların yaradılması vacibdir.


Ekoloji nəqliyyatın inkişafı yalnız nəqliyyat sisteminin modernləşdirilməsi deyil, həm də ətraf mühitin qorunması və dayanıqlı şəhər modelinin qurulması baxımından mühüm addımdır. Bu baxımdan, mikromobillik gələcəkdə şəhər həyatının ayrılmaz hissələrindən birinə çevrilə bilər.

 

Firuzə Əliyeva
Sfera.az

 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi

 

PAYLAŞ