Süni intellekt düşüncələrimizi oxuyur? - Maraqlı NÜANS

Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı insanların gündəlik həyatında da özünü açıq şəkildə göstərir. Xüsusilə sosial şəbəkələr və onlayn platformalarda istifadəçilər tez-tez belə bir vəziyyətlə qarşılaşırlar ki, haqqında düşündükləri və ya danışdıqları mövzular qısa müddət sonra reklam və ya tövsiyə şəklində qarşılarına çıxır. Bu hal bir çox insan arasında süni intellektin insanların düşüncələrini “oxuduğu” və ya şəxsi fikirlərini ifşa etdiyi ilə bağlı müzakirələrə səbəb olur.
Maraqlıdır, süni intellekt texnologiyalarının insanların maraq və davranışlarını analiz etməsi nə dərəcədə mümkündür? Doğrudanmı süni intellekt insanların düşündüklərini müəyyən edib onlayn platformalarda qarşılarına çıxara bilir, yoxsa bu, sadəcə istifadəçi davranışlarının analizinə əsaslanan alqoritmlərin nəticəsidir?
Süni intellekt mütəxəssisi Abdulla Abdullayev Sfera.az -a açıqlamasında bildirib ki, bu mövzu ilə bağlı cəmiyyətdə kifayət qədər yanlış təsəvvürlər var.
Onun sözlərinə görə, bir çox insan düşünür ki, sanki süni intellekt insanların nə düşündüyünü “oxuya bilir” və buna görə də sosial mediada və ya digər rəqəmsal platformalarda qarşılarına məhz düşündükləri mövzular çıxır:

“Əslində isə burada söhbət düşüncələrin oxunmasından yox, istifadəçi davranışlarının analizindən gedir. Süni intellekt sistemləri insanların rəqəmsal izlərini analiz edir. Yəni hansı videolara baxırıq, hansı paylaşımları bəyənirik, hansı mövzular üzrə axtarış edirik, hansı səhifələrdə daha çox vaxt keçiririk və s. Bütün bu məlumatlar alqoritmlər tərəfindən təhlil olunur. Bu məlumatların əsasında istifadəçinin maraq profili formalaşdırılır və platformalar məhz həmin profilə uyğun məzmunu qarşıya çıxarır. Məsələn, əgər bir istifadəçi bir neçə dəfə müəyyən mövzuda video izləyirsə və ya məhsul axtarışı edirsə, alqoritm bunu həmin mövzuya maraq kimi qiymətləndirir. Bundan sonra oxşar mövzuda kontent, reklam və ya tövsiyələr daha çox göstərilməyə başlayır. İnsanlarda isə belə təəssürat yaranır ki, sanki platforma onların düşündüklərini bilir”.
Mütəxəssis qeyd edib ki, bu rəsmi məlumatlar əsasında verə biləcəyim cavabdır. O, vurğulayıb ki, qeyrı rəsmi cavab verəcək olsam, təcrübəmə əsasən sosial media belə işlədiyini təxmin edirəm:
“Digər alqoritmlərə əlavə olaraq biz instagam kimi platformada səs faylı göndəriyimiz zaman telefonumuzda səslərə icazə veririk və artıq platforma bizim cihazımızın mikrofonuna gələn səsləri anlaya bilir. Bu səslərə əsasən açar sözləri seçir və reklamlarında istifadə edir”.
Niyaz Hacıyev
Sfera.az
