İş həyatında psixoloji təzyiq: Bu vəziyyətdən necə çıxmaq olar?

İş həyatında psixoloji təzyiq: Bu vəziyyətdən necə çıxmaq olar?
Kateqoriya məlum deyil
T

Müasir dövrdə iş həyatının intensivliyi, yüksək məsuliyyət, davamlı rəqabət, lazımsız və boş fikirlər və insanlar bir çox insanın psixoloji yorğunluq və stress yaşamasına səbəb olur. Uzun müddət davam edən psixoloji gərginlik həm iş məhsuldarlığına, həm də insanın ümumi psixi və fiziki sağlamlığına mənfi təsir göstərə bilər. Bu cür vəziyyətlərin qarşısını almaq üçün düzgün iş rejimi, istirahət və psixoloji balansın qorunması mühüm rol oynayır. 


Maraqlıdır, iş həyatında psixoloji yorğunluğun və psixoloji basqıların qarşısını almaq üçün nə etmək lazımdır? Bu vəziyyətdən çıxış yolları nələrdir?


Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, iş həyatı insanın həyatının böyük bir hissəsini təşkil edir. Onun sözlərinə görə, uzun müddət davam edən fasiləsiz gərgin iş rejimi, yüksək məsuliyyət, kollektiv münasibətləri və davamlı gözləntilər zamanla psixoloji yorğunluq və daxili təzyiq yarada bilər:


“İş həyatı insanın həyatının böyük bir hissəsini təşkil edir. Uzun müddət davam edən fasiləsiz gərgin iş rejimi, yüksək məsuliyyət, kollektiv münasibətləri və davamlı gözləntilər zamanla psixoloji yorğunluq və daxili təzyiq yarada bilər. Psixoloji basqılar təkcə insanın iş performansına deyil, həm də ümumi həyat keyfiyyətinə təsir göstərir. Buna görə də bu vəziyyətin qarşısını almaq üçün müəyyən psixoloji yanaşmalar və balanslı həyat tərzi yaşamaq lazımdır. İlk növbədə insan öz psixoloji sərhədlərini bilməlidir. Hər məsuliyyəti üzərinə götürmək, “yox” deməyi bacarmamaq və daim özünü sübut etməyə çalışmaq zamanla tükənmişlik hissinə gətirib çıxara bilər. Sağlam psixoloji sərhədlər insanın həm öz enerjisini qorumasına, həm də daha stabil işləməsinə kömək edir. Digər vacib məqam iş və şəxsi həyat arasında balans yaratmaqdır. İnsan yalnız işləmək üçün yaşamamalıdır. Gün ərzində istirahətə, sosial münasibətlərə, fiziki hərəkətə və şəxsi maraqlara vaxt ayırmaq psixoloji gərginliyin azalmasına kömək edir. Kiçik fasilələr belə beynin yenidən enerji toplamasına imkan yaradır”.

 

Psixoloq qeyd edib ki, psixoloji yorğunluğun qarşısını almaq üçün emosiyaları bastırmamaq da vacibdir:


“İnsan yaşadığı gərginliyi, narahatlığı və ya narazılığı sağlam şəkildə ifadə etməyi öyrənməlidir. Açıq ünsiyyət və emosional paylaşım psixoloji yükün azalmasına kömək edir. Bundan əlavə, özünü inkişaf etdirmək və stress idarəetmə bacarıqlarını gücləndirmək də yardım edir. Meditasiya, nəfəs məşqləri, idman və ya yaradıcılıq fəaliyyəti insanın daxili balansını qorumağa kömək edən effektiv üsullardır. Ümumiyyətlə bilməliyik ki, psixoloji yorğunluq zəiflik deyil, insan psixikasının verdiyi bir siqnaldır. Bu siqnal bizə göstərir ki, həyat tempimizi, məsuliyyət bölgüsünü və özümüzə münasibətimizi yenidən nəzərdən keçirməyin vaxtı çatıb. Sağlam psixoloji mühit yaratmaq həm insanın öz məsuliyyətidir, həm də iş mühitində kollektiv münasibətlərin düzgün qurulmasından asılıdır”. 

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ