Regiondakı müharibənin dünya üçün ağır nəticələri olacaq - ŞƏRH

Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında artan hərbi-siyasi gərginlik qlobal təhlükəsizliklə yanaşı, dünya iqtisadiyyatı üçün də ciddi risklər yaradır.
Region dünya enerji bazarının əsas mərkəzlərindən biri hesab olunur və burada baş verə biləcək genişmiqyaslı müharibə neft və qaz qiymətlərində kəskin artıma, tədarük zəncirinin pozulmasına və beynəlxalq ticarətin zəifləməsinə səbəb ola bilər.
Xüsusilə Fars körfəzi və Hörmüz boğazı kimi strateji marşrutlarda təhlükəsizlik problemləri qlobal bazarlarda qeyri-sabitliyi daha da gücləndirə bilər. Belə bir ssenaridə maliyyə bazarlarında dalğalanma, inflyasiyanın yüksəlməsi, investisiya axınlarının azalması və bir sıra ölkələrdə iqtisadi tənəzzül riski də arta bilər.
Bu fonda əsas sual belədir: ABŞ-İsrail-İran arasında mümkün müharibə dünya iqtisadiyyatına konkret olaraq hansı mənfi təsirləri göstərə bilər?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor, iqtisadçı-ekspert Rəsmiyyə Abdullayeva Sfera.az-a açıqlamasında bildirib ki, bütün müharibələr iqtisadiyyata neqativ təsir göstərir. Onun sözlərinə görə, ümumiyyətlə, geniş miqyaslı müharibələr dünya iqtisadiyyatında çoxşaxəli və ciddi mənfi nəticələrə gətirib çıxarır:

“Neft hasilatı və ixracının azalmasına, enerji qiymətlərinin kəskin artmasına, təchizat zəncirinin pozulmasına, qlobal inflyasiyanın güclənməsinə, ticarət marşrutlarının pozulmasına, logistika sistemində gecikmələrə, nəqliyyat xərclərinin artmasına, ərzaq və sənaye məhsullarının qiymətlərinin bahalaşmasına və s. səbəb olur. Müharibə ilə bağlı xəbərlər həmçinin maliyyə bazarlarında qeyri-sabitliyi artırır. Fond bazarlarında enişlərə, qızıl və digər “təhlükəsiz liman” aktivlərinə tələbatın artmasına, investisiya axınının zəifləməsinə gətirib çıxarır”.
İqtisadçı-ekspert qeyd edib ki, ABŞ-İsrail-İran arasında olan müharibənin mənfi təsirləri qaçılmazdır:
“İran neft ixracatçısı olan ölkədir. Dünya üzrə gündəlik neft istehlakının təxminən 20-25 %-inə bərabər həcmdə neft Hörmüz boğazından daşınır. Dəniz yolu ilə daşınan neftin isə təxminən üçdə biri bu boğazdan keçir. İranın Hörmüz boğazında geosiyasi təsir imkanları Fars körfəzi ölkələrinin enerji ixracı üçün əlavə risk yaradır. Qlobal neft təklifinin təqribən beşdə biri risk altındadır. ABŞ-İsrail-İran arasında müharibə genişlənərsə, neftin qiymətində kəskin dəyişikliklər baş verəcəkdir”.
R.Abdullayeva onu da vurğulayıb ki, Dünya Bankının iqtisadi artımla bağlı proqnozları ürəkaçıcı deyil:
“Bu müharibə bir qədər də genişlənərsə, Dünya Bankının 2,5 faizlik artım proqnozu daha da azala bilər. Bu baxımdan, sözügedən münaqişənin genişlənməsi qlobal iqtisadi sabitlik üçün sistemli risk faktoruna çevrilə bilər”.
Niyaz Hacıyev
Sfera.az
