Lənkəranda ara qarışır: - İcra başçısı və oğlanlarının özbaşınalığına görə - ŞOK FAKTLAR
“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib,
biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların
ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa
statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.
Dəfələrlə məmur və övladlarına xəbərdarlıq edən Azərbaycan Prezidenti “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransda da bu mövqeyini bir daha sərgilədi.
Təəssüf ki, Prezidentin bu çağırışından nəticə çıxarmayan məmurlar, xüsusilə “rayon padşahları” az deyil.
Onlar və övladları müxtəlif qalmaqallarla gündəmə gəlirlər. Azerinfo.org-un iddiasına görə, belə məmurlardan
biri Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O və övladları müntəzəm olaraq, medianın
gündəmindədirlər.
Belə ki, Lənkəran rayon icra başçısının oğlanları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib.
Beləki yayılan məlumatlara görə T.Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti,
yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Həmin məlumatda deyilir ki, icra başçısının «Hacı»
ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən
ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir.
Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini
kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.
Verilən məlumatda vurğulanır ki, hal hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının
oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, teder yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə
davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın
dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də
təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə
nişanlı (010) «Porşe» sürür.
Qeyd edək ki, Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib. Mətbuatın
yazdığına görə, “Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov
mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət
Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min
dollarından keçdiyinə dair iddialar var. Dövlət vəzifələrinin pulla satışı təcrübəsini Lnkəranda geniş yayıldığı bildirilir ki,
bu siyahıda da ilk yeri kənd icra nümayəndəlikləri tutur. Kəndin əhalisinin sayı və sosial vəziyyətindən, torpaq sahəsindən
asılı olaraq bu vəzifəyə təyinat 10 min manatdan başlayır. Ancaq son zamanlar manatın məzənnəsinin düməsi bu “alver
sahəsini də “dollarlaşdırıb””.
Taleh Qaraşovun digər oğlu Vüsal Qaraşov da polis olsa da, adı biznes qalmaqallarında hallanır. Belə ki, ən son onun
Beyləqan bazarını aldığına dair xəbərlər yayılıb. Xəbərlərdə deyilir ki,
Beyləqan rayonunda yeni tikilən bazar iş adamı İlham Qasımovun aldığı bildirilir. Bununla bağlı cumhuriyyet.az-a
daxil olan məlumata görə, həmin bazara iş adamı 600 min manat xərc çəkərək alıb. Məlumatlarda o da göstərilir
ki, iş adamının bazardakı şəriki Lənkəran icra başçısı Taleh Qaraşovun oğludur. Belə ki, alınan bazarın pulunun
xərcinin yarsını məhz icra başçısının oğlu verib. Amma icra başçısının oğlu ilə iş adamının bazar sevdası hələ
tam reallaşmayıb. Çünki rayonda sovetlər dönəmindən qalan kolxoz bazarı fəaliyyətini davam etdirir və əhali
əsasən bu bazara üstünlük verir. Aldığımız məlumatda deyilir ki, hazırda bazar məsələsi ilə bağlı Beyləqanda
ciddi narazılıq var. T.Qaraşovun oğlu ilə onun şəriki İ.Qasımov isə bu rayonda başqa böyük obyektləri də almaq
niyyətindədirlər.
Qeyd edək ki, İlham Qasımov icra başçısının oğlunun Türkiyədə şərikli biznes işləri ilə məşğul olması,
həmçinin paytaxtın Nəsimi rayonunda hündürmərtəbəli bina tikintisi həyata keçirtdikləri deyilir. Bu biznes
ortaqlarının adları isə son illərdə bir sıra qalmaqallarda hallanıb. İcra başçısının oğlu ilə iş ortağının Tiflisdəki
macəraları ilə bağlı müxtəlif məlumatlar dolaşır. V.Qaraşov v polis rəisi olmaqdan daha çox geniş imkanlara
malik biznesmen kimi tanınır və həm atasının, həm də özünün pullarını biznes ortağı İ.Qasımov vasitəsilə
müxtəlif sahələrə yatırır.
***
Məsələ burasındadır ki, Qaraşovların macəraları oğullarla bitmir. Elə icra başçısının özü də illərdən bəri
dövlət büdcəsini “dədə malı” olaraq bilir. Virtualaz.org saytının verdiyi xəbər bunu deməyə əsas verir. Yazını
qısa ixtisarla nəzərinizə çatdırırıq: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın
məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın
olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də
diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər.
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa
reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların
bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün
biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın
olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.
Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər.
Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin
gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!
T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına
sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən
yarım milyon manatı asanlıqla xərclədi?”/azerinfo






