Ət və süd məhsullarına HALAL sertifikatı necə verilir? - AÇIQLAMA

AQTA bildirib ki, ötən il bəzi müsəssisələrdə o cümlədən ət və ət məhsullarının emalı, süd və süd məhsullarının istehsalı, eləcə də digər qida məhsullarının hazırlanması istiqamətində fəaliyyət həyata keçirilib.
Qiymətləndirmə zamanı müəyyən edilən uyğunsuzluqların hamısı vaxtında aradan qaldırılıb və “HALAL” uyğunluq sertifikatının qüvvədə qalması təmin olunub.
Maraqlıdır, ət və süd məhsullarında HALAL sertifikatı almaq üçün əsas tələblər nələrdir? Sertifikatlı məhsulla sertifikatsız məhsul arasında fərq nədir?
Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrinə əsasən, uzun müddət halal sertifikatı və halal mal nişanı adı altında istehlakçıların hüquqlarının pozulması, inanclı insanların aldadılması halları olubdur:

“Uzun illər bu sertifikat və bu iş böyük pullara satılıb. Azad İstehlakçılar Birliyi 6 il əvvəl bu məsələni qaldırdı və bu sahədə pul amilinin aradan qaldırılması, kollegiallığın təmin edilməsi üçün addımlar atdı. 8 il bundan əvvəl isə, bir neçə müəssisə birgə sertifikat verirdi və həmin prosesdə kütləvi informasiya vasitələri də iştirak edirdi. Eyni zamanda Azad İstehlakçılar Birliyi və dini qurumlar bu prosesdə yer alırdı. Lakin sonradan məsələ dayandı, dəyişikliklər oldu, Azərbaycan Standartlaşdırma İnstitutu (QOSTANDART) ləğv olundu və ölkədə halal standart qəbul edildi. Baxmayaraq ki, standart iki dəfə dəyişdirilib. Sonuncu dəfə İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma İnstitutu 2024-cü ildə halal standartı qəbul etdi. Hərçənd bəzi maddələri ilə razı deyildim, təkliflər verdim; bəziləri qəbul olundu, bəziləri isə yox. Yəni halal standartın özünəməxsus şərtləri var. Ət, süd və digər mallar üçün ayrıca şərtlər müəyyən edilib. Əlbəttə, burada əsas dini inanclarımızdan, Qurani-Kərimin tələblərindən irəli gələn məsələlər ön plana çəkilir. Məsələn, süd məhsulları istehsal edən sexlər qeyri-halal məhsul istehsal edən yerlərlə kəsişməməlidir”.
Sədr halal məhsul istehsal olunan yerlərdə dini inancı olan şəxslərin işləməli olduğunu vurğulayıb:
“Orada qarışıqlıq olmamalıdır, yəni bir şəxs həm halal, həm də qeyri-halal istehsal sahəsində eyni vaxtda çalışmamalıdır. Müəyyən təmizlik qaydaları mövcuddur. Heyvan ətinə gəldikdə isə kəsim qaydaları, stresssiz kəsim, üzü qibləyə kəsmə kimi məsələlər var. Yəni çoxlu şərtlər mövcuddur. Həmçinin, standart müzakirə olunarkən bir təklif də vermişdim ki, halal sertifikat yalnız bank kredit əməliyyatları olmayan müəssisələrə verilsin. Çünki kredit məsələsi dinimizdə haram hesab olunur. Bu barədə də təklif irəli sürmüşdüm. Bununla yanaşı təklif etmişdim ki, halal sertifikat almış müəssisələrdə onlayn izləmə sistemi tətbiq olunsun. Dünyanın istənilən yerindən inanclı insanlar heyvanların və ya istehsal prosesinin necə təşkil olunduğunu mobil telefon vasitəsilə izləyə bilsinlər. Yəni şəffaflıq təmin edilsin. Təəssüf ki, bu məsələlər hələ də həll olunmayıb. Uzun illər əvvəl halal sertifikat almış müəssisələr var onların mütləq monitorinqi keçirilməlidir və yenidən baxış aparılmalıdır. Halal sertifikatın verilməsində kollegiallıq təmin edilməli və şəffaflıq olmalıdır. Pul amili tam arxa planda qalmalıdır. Dini qurumların nümayəndələri prosesdə iştirak etməlidir və sertifikat kollegial şəkildə verilməlidir. Təəssüf ki, baxmayaraq halal standart mövcuddur, məsələlər tam həllini tapmayıb. Hətta xarici ölkələrdən Azərbaycana halal mal nişanı ilə məhsullar gətirilir. Ola bilər ki, həmin ölkədə standartlara əməl olunur, lakin yerində monitorinq aparılması vacibdir. Bu sahədə inanclı insanların aldadılması davam edir. Yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi məsələyə diqqət yetirib. Halal sertifikatın verilməsi bir qurumun monopoliyasında qətiyyən olmamalıdır. Burada kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai təşkilatlar, dini qurumlar və qida ekspertləri iştirak etməlidir. Həmçinin onlayn izləmə sistemi tətbiq olunmalıdır”.
Fidan Hacızadə
Sfera.az
