Diyet xatirinə oruc tutmaq olar? - İlahiyyatçıdan AÇIQLAMA

Bəzi insanlar Ramazan ayında orucu sırf çəki atmaq, sağlam qidalanma rejiminə keçmək və ya orqanizmi “detoks” etmək məqsədilə tuturlar. Müasir dövrdə sağlam həyat tərzinə marağın artması fonunda orucun fiziki faydaları tez-tez vurğulanır, hətta bəzi şəxslər bu ayı arıqlamaq üçün fürsət kimi qiymətləndirirlər.
Halbuki oruc İslamda yalnız fiziki proses deyil, ilk növbədə mənəvi ibadət sayılır. Oruc insanın nəfsinə hakim olmasını, səbrini, iradəsini və Allahla bağlılığını gücləndirməyi hədəfləyir. Bu baxımdan niyyət məsələsi xüsusi əhəmiyyət daşıyır. İslam alimlərinin yekdil mövqeyinə görə, hər bir ibadətin əsasında ixlas və səmimi niyyət dayanmalıdır.
Bəs orucu təkcə arıqlamaq və ya pəhriz məqsədilə tutmaq dini baxımdan nə dərəcədə doğrudur? Bu halda ibadətin savabı qalırmı, yoxsa niyyət fərqli olduğu üçün oruc sadəcə aclıq sayılır?
Suallarımızı cavablandıran İlahiyyatçı Fazil Əhməd Sfera.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə çəki azaltmaq məqsədilə oruc tutmaq, orucu batil edən məsələlərdəndir.

Onun sözlərinə görə, orucun niyyəti bir olmalıdır:
“Allah vacib buyurduğu üçün oruc tutulur. İkinci bir niyyəti bura qatmaq orucu batil edir. Oruc tutanlara savab verilir. Başqa məqsədlə oruc tutanlara bu savab verilmir. Niyyət elə bir məsələdir ki, hər bir ibadətdə mühümdür. Bir insanın sədəqə verməsi zahirən sədəqə verilmiş kimi görünə bilər. Amma hər şey niyyətdən asılıdır.
Yəni, sədəqəni Allaha görə verir yoxsa sadəcə tərif eşitmək üçün bunu edir”. İlahiyyatçı bir nümunəni də diqqətə çatdırıb: “Məsələn, iki nəfər eyni anda sədəqə verir. İkisinində məqsədi, əməli eynidir. Amma niyyət önəmli rol oynayır. Birincinin niyyəti odur ki, Allah məndən razı olsun. İkincisinin niyyəti isə tərif eşitməkdir. Onun niyyəti Allah tərəfindən qəbul deyil. Bu barədə Quran ayəsidə var. Oruc tutanlarda da belədir. Niyyət diyetadırsa, niyyət arıqlamaqdırsa, bu artıq orucu batil edir”.
Niyaz Hacıyev
Sfera.az
