Orucu pozan əməllər hansılardır? – İlahiyyatçıdan AÇIQLAMA

Orucu pozan əməllər hansılardır? – İlahiyyatçıdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ramazan ayında oruc saxlamaq önəmli olduğu qədər, bu ibadətə qaydalara uyğun əməl etmək də vacibdir. Bu prinsipə görə, oruc yalnız qaydalara uyğun tutulduğu təqdirdə qəbul edilmiş hesab olunur.


Bəs hansı əməllər orucu pozur və ya onun savabını azaldır?


Sfera.az-a bu haqda açıqlama verən ilahiyyatçı Tural İrfan orucu pozan amillərin yemək, içmək, intim münasibət, siqaret və qəlyan çəkmək, həmçinin hər hansı yolla bədəni qidalandırmaq olduğunu qeyd edib:

 


“Qeybət, böhtan, söyüş kimi bəd əməllər əgər dini əqidənin pozulmasına yönələrsə, nəinki oruc pozular, hətta insan dindən də çıxar. Dini dəyərləri yaxud dinin ehtiramını vacib qıldığı hədəfləri aşağılamaq, Quranın haram etdiyi işləri icra etmək də orucu pozur. Təbii ki, günah işlətmək orucun zahiri yöndən batil olmasına səbəb olmasa da, mahiyyətini, fəzilətini aradan qaldırır. Oruc tutmaq, əslində, günahlardan uzaq olanlar üçündür. Əvvəlki peyğəmbərlərin vaxtında hətta danışmaq da orucu pozurmuş. Çünki insan danışanda da müəyyən nöqsanlara yol verir, günahlar işlədir. İslamda isə danışmaq olar, amma yaxşı söz danışmaq lazımdır. Qeybət və şər əməllər orucu pozmasa belə, savabını aparıb heç edir. Artıq bu, ibadət yox, dietik vasitəyə çevrilir”.


Ekspertin fikrincə, insan təkcə fiziki cəhətdən yox, həm də mənəvi, əxlaqi və ruhani yöndən oruc olmalıdır:


“Günahlara, pis əməllərə davam edərək oruc tutan adam xəlbirlə su daşımağa cəhd edən şəxs kimidir. Necə ki, o qabda su dayanmır, axıb tökülür, günah edərək tutulan orucun savabı da o qabdakı su kimi axıb gedir. Ramazan ayı hərtərəfli paklanma, arınma, ruhu bədənlə birgə təmizləmə ayıdır. Məsuliyyət bu ayda daha çox olmalıdır. İnsan təkcə özünə yox, bütün cəmiyyətə faydalı olmalıdır. Təkcə özünü düşünən şəxs müsəlman ola bilməz. Mümkün qədər xeyirxah işləri daha çox görmək lazımdır”.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ