Ramazanda bu qidaları qəbul etmək zərərlidir - XƏBƏRDARLIQ

Ramazan ayında oruc tutan insanların gündəlik qidalanma rejimi ciddi şəkildə dəyişir. Uzunmüddətli aclıq və susuzluq fonunda düzgün qida seçimi, sahur və iftar vaxtlarında balanslı qidalanma sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yanlış qidalanma halsızlıq, həzm problemləri və enerji çatışmazlığına səbəb ola bilər.
Ramazan ayında sağlamlığın qorunması üçün sahur və iftar süfrələrində hansı qida məhsullarına üstünlük verilməlidir və ən çox yol verilən qidalanma səhvləri hansılardır?
"Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru, qida eksperti Seymur Qafarov Sfera.az-a açıqlamasında bildirib ki, insanlar oruc tutaraq həm təqvalarını artırmaq, həm də bu periodik qidalanmanın orqanizmə vermiş olduğu faydalarından istifadə edəcəklər:

“Bu, onların orqanizmi, həyat tərzi üçün olduqca əlverişli bir seçimdir. Periodlu şəkildə qidalanma orqanizmin balanslaşdırılmasına, eyni zamanda həzm sisteminə düşən yükün azaldılmasına səbəb olur. Başqa cür tətbiqi isə, diyet proqramlarında öz əksini tapır. Lakin qida təhlükəsizliyi nöqteyi-nəzərdən və qidalanma rasionlarının keyfiyyəti nöqteyi-nəzərdən bir sıra vacib məqamlar var. Bu günlərdə onlara riayət olunması vacibdir. İmsakda həddindən artıq çox yemək mədə-bağırsaq sistemində narahatlığa səbəb olur. Eyni zamanda köp və bunun verdiyi ağırlıq hissi yaranacaq. Ona görə də imsaklarda daha çox su tələbatını qarşılayacaq bol sulu tərəvəzlərdən və mayedən istifadə olunması tövsiyə olunur”.
Ekspert qeyd edib ki, iftar zamanı birdən-birə tam yüklü qida qəbul edilməməlidir:
“İlk olaraq şorbalardan, duru yeməklərdən istifadə olunmalıdır. Sonra isə ana yeməklər yeyilməlidir. Yaxşı olar ki, ana yeməklərdə qırmızı ət və balıq ətindən istifadə olunsun. Tərəvəz və dənli bitki yönümlü qarnirlərdən istifadə olunsun. Həddindən artıq düyü yemək şişkinlik yarada bilər. Ondan sonra mütləq miqdarla və aralıqla desert və meyvə qəbul oluna bilər. Birbaşa yeməyin üzərindən su içilməməlidir. Yeməkdən öncə, oruc açıldıqda bol su içilməlidir. Bundan sonra yuxuya qədər fasilə verilməlidir ki, ağırlıq yaranmasın. Yeməklərin yüklənməsi insanda ağırlıq yarada bilir. Daha çox inqrediyentlərə malik olan qidaların istifadəsi isə mədə-bağırsaq sistemində, həzm sistemində narahatlığa səbəb ola bilər. Qarışıq inqrediyent tərkibli qidaların yeyilməsi, insanlarda zəhərlənmə, qusma hallarını əmələ gətirə bilər. Ona görə də tədricən istifadə olunmalıdır. Eyni zamanda hazır qida məhsullarını ərsəyə gətirmək üçün satılan inqrediyentlərin üzərində etiket məlumatları ilə tanış olunmalıdır. Mütləq düzgün şəkildə, düzgün temperaturda saxlanmış inqrediyentlər alınmalıdır. Son istifadə tarixinə diqqət yetirilməlidir”.
Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.
Niyaz Hacıyev
Sfera.az
