Sİ-nin yaratdığı əsərin müəllifi kim olacaq? - AÇIQLAMA

Süni intellekt kimi qabaqcıl texnologiyaların sürətli inkişafı Azərbaycanda əqli mülkiyyət sahəsində mövcud qanunvericiliyin müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir.
Bu barədə Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli Bakıda keçirilən “Ansys: Azərbaycanda Rəqəmsal Mühəndislik və İnnovasiya həlləri” adlı tədbirdə çıxışı zamanı bildirib.
Bəs görəsən, sözügedən dəyişikliklər nələr ola bilər?
Süni intellekt mütəxəssisi Abdulla Abdullayev Sfera.az-a açıqlamasında bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı başqa ölkələrdə olduğu kimi bizdə də əqli mülkiyyət qanunvericiliyində bir sıra dəyişiklikləri zəruri edir.

Onun sözlərinə görə, əsas dəyişikliklər aşağıdakı istiqamətlərdə ola bilər:
“Birincisi müəlliflik hüququdur. Ənənəvi olaraq müəllif insan hesab olunur. Süni intellekt tərəfindən yaradılan əsərlər üçün müəlliflik hüququnun kimə aid olacağı dəqiqləşdiriləcək. Düşünürəm ki, Sİ-nin yaratdığı əsərlərdə insanın töhfəsi əsas götürüləcək”.
Mütəxəssis vurğulayıb ki, digər bir istiqamət məlumatların istifadəsidir:
“Süni intellekt modellərinin təlimi üçün istifadə olunan məlumatların müəlliflik hüququ ilə qorunan hissələri ilə bağlı şəffaflıq tələbləri artırılacaq. Müəlliflərə öz əsərlərinin Sİ təlimində istifadəsinə icazə verib-verməmək hüququ verilə bilər. Üçüncüsü isə, patent hüququdur. Sİ-nin yeni ixtiralar etməsi ilə bağlı patent hüququnda "ixtiraçı" anlayışı yenidən nəzərdən keçiriləcək. Sİ-nin ixtira prosesindəki rolu nəzərə alınmalıdır”.
Niyaz Hacıyev
Sfera.az
