Rusiya Türkiyə ilə bağlı “yeni sübutlar”ın anonsunu verdi
“Əgər Türkiyə prezidenti və onun ailəsinin İŞİD döyüşçüləri ilə əlaqələri barədə əvvəlki sübutlar kifayət etməsə, Rusiya yenilərini təqdim edəcək”.
Sfera.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov bildirib.
“Müdafiə Nazirliyində bu əlaqəni sübut edən başqa sənədlər də var. Əgər açıqlanan sübutlar kifayət etməsə, Rusiya yenilərini elan edəcək”, - komitə sədri deyib.
Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi “Türkiyə və İŞİD-in neft ticarətində əməkdaşlığı”nı göstərən peyk görüntülərini yayıb. Rusiya ordusunun Baş qərargah rəisinin müavini Sergey Rudskoy bildirib ki, Rusiya tərəfi Türkiyə ərazisinə neft nəqlinin üç əsas marşrutunu aşkar edib. O, Türkiyənin qeyri-qanuni neft biznesində iştirakı barədə Rusiya baş qərargahının kosmik və hava kəşfiyyatı məlumatlarına əsaslanan təkzibedilməz sübutlara malik olduğunu deyib.
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Türkiyə lideri və onun ailəsinin İŞİD terror qruplaşması tərəfindən tutulan yataqlardan neftin qanunsuz çatdırılması sisteminə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Suriya və İraqda “İslam dövləti” tərəfindən oğurlanan neftin əsas istehlakçısıdır.






