Avtomobil bazarında mənzərə dəyişəcək? - AÇIQLAMA

Donald Trampın ABŞ-də hakimiyyətdə olduğu dövrdə iqlim siyasətinə yanaşmanın dəyişməsi qlobal avtomobil sənayesində ciddi struktur dəyişikliklərinə yol açıb. Xüsusilə elektromobil istehsalına verilən dövlət dəstəyinin azalması, ekoloji tələblərin yumşaldılması və iri istehsalçıların uzunmüddətli “yaşıl transformasiya” planlarını dondurması bazarda etimad böhranı yaradıb.
Nəticədə bir çox avtomobil nəhəngi investisiya qərarlarını yenidən nəzərdən keçirməyə məcbur qalıb və bu proses 2025-ci ildə dünya avtomobil sənayesinə azı 65 milyard dollar maliyyə itkisi ilə nəticələnib.
Bəs 2025-ci ildə qeydə alınan bu itki 2026-cı ildə avtomobil sənayesinə necə təsir göstərəcək? Qarşıdakı dövrdə bazarı daralma, yoxsa yenidən istiqamətlənmiş inkişaf mərhələsi gözləyir?
Suallarımızı cavablandıran nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, burda əsas məsələ Trampın yanaşması deyil. Onun sözlərinə görə, hər şey satışların dəyişməsi fonunda baş verdi:

“Yəni, əvvəlcə istehsalçılar, hətta demək olar ki, daxili mühərrik konveyerlərini bağlayanlar da oldu ki, onlar tam elektromobilə keçdiklərini və yaxud da bunun hədəf olduğunu, bir neçə ildən sonra tam elektromobil platformalarına oturacaqlarını bildirdilər. Sadəcə gözlənilən satış olmadı. Əsas problem də məhz budur. Avropanın 2035-ci il planında şirkətlərin, ölkələrin konkret hədəfləri var idi. Məqsəd Avro-7 standartları və sıfır tullantıdırsa, buna nail olunmalı idi. Amma bu, mütləq şəkildə yalnız cərəyanla işləyən elektromobil demək deyil. Bu hədəflərə hibrid tipli texnologiyalarla da çatmaq mümkündür və Avropa da elektromobil və hibrid avtomobillərin saxlanmasına icazə verdi. Əsas dönüş nöqtəsi də burada baş verdi”.
Ekspert vurğulayıb ki, bir çox markalar tamamilə elektromobilə keçdi və alıcılar da ilkin mərhələdə bu eyforiya ilə həmin istiqamətdə hərəkət etdilər:
“Lakin zamanla elektromobillərin müəyyən çətinlikləri ortaya çıxdı. Xüsusilə uzun məsafələrdə vaxt itkisi, infrastruktur problemləri və digər praktiki qayğılar ortaya çıxdı. Bütün bunların fonunda satışların azaldığı aydın oldu və şirkətlər alternativ axtarışına başladılar. Nəticədə hibrid avtomobillərə maraq artdı. Müxtəlif texnologiyalarla tullantıların əvvəlcə müəyyən səviyyəyə, daha sonra isə sıfıra endirilməsi hədəflənir və şirkətlər bu öhdəliyi üzərlərinə götürürlər. Burada proses birbaşa siyasi qərarlarla deyil, daha çox real bazar tələbi ilə formalaşır. ABŞ-də elektromobillərə maraq nisbətən zəifdir, Avropada isə ilkin yüksəlişdən sonra tədricən hibrid modellərə yönəlmə müşahidə olunur. Bu tendensiyanın 2026-cı ildə də eyni templə davam edəcəyi gözlənilir”.
Niyaz Hacıyev
Sfera.az
