Pensiyaçılar üçün hansı yeniliklər gözlənilir? - Sahib Məmmədovla MÜSAHİBƏ

Azərbaycanda pensiya təminatı sistemi ən çox müzakirə olunan sosial məsələlərdən biridir. Minimum pensiyanın məbləği, indeksasiya mexanizmi, staj tələbləri və erkən pensiya hüququ ilə bağlı suallar xüsusilə əhalinin həssas qruplarını narahat edir. Vətəndaşların ən çox narahat olduğu məsələlər arasında illərlə sığorta haqqı ödəyib pensiya ala bilməmək, kapitalın “yanması”, eləcə də ünvanlı sosial yardım meyarlarının mürəkkəbliyi də var.
2026-cı ildə sosial təminat sahəsində həyata keçiriləcək dəyişikliklər, sosial paket çərçivəsində atılacaq addımlar və imzalanan son sərəncamlar sadalanan mövzuları yenidən aktuallaşdırıb. Dövlət başçısı İlham Əliyev tərəfindən təsdiqlənən sosial yönümlü qərarlar pensiya və müavinət sisteminin gələcək modelinin necə olacağı ilə bağlı gözləntiləri artırıb.
Sfera.az mövcud problemlər, mümkün islahat istiqamətləri və vətəndaşların ən çox üzləşdiyi çətinliklər barədə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov ilə ətraflı söhbət edib.
O, pensiya kapitalının taleyi, erkən pensiya imkanları, sosial yardım mexanizmlərinin sadələşdirilməsi və gələcəkdə gözlənilən dəyişikliklərin real təsirləri ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.

- Son vaxtlar pensiya kapitalından pensiyaya çıxmadan əvvəl istifadə imkanlarının yaradılması haqqında təkliflər irəli sürülür. Bəzi ölkələrdə vətəndaşlar bu vəsaitin bir hissəsini əvvəlcədən götürə bilir. Azərbaycanda belə mexanizmlərin tətbiqi mümkündürmü?
- Pensiya kapitalı depozit deyil, əmanət deyil, ona görə də vətəndaşlarımız ona öz vəsaiti kimi baxmamalıdır. Mövcud qanunvericiliyə görə, 2006-cı ildən başlayaraq fərdi yığım sisteminə keçilib və hər kəs üçün icbari dövlət sosial sığorta sistemi əsasında fərdi şəxsi hesabda pensiya kapitalı toplanır. Həmin vəsait hər il indeksasiya olunur və “Əmək Pensiyaları Haqqında” Qanuna uyğun olaraq, əmək pensiyasına çıxmaq hüququ yarandıqda 2006-cı ilə qədər olan əmək stajı (2006-cı ildən sonra sığorta stajı) da nəzərə alınaraq əmək pensiyasına əlavə edilir.
Hər kəs bilir ki, qanuna görə əmək pensiyasının üç növü mövcuddur, yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Fərdi yığıma əsaslansa da, onun sərf olunması həmrəylik sxemi ilə həyata keçirilir. Həmrəylik sxemi dedikdə, yəni sən işləyirsən və səndən sığorta pulu tutulur. O pul dərhal indiki pensiyaçılara verilir, sabah sən pensiyaya çıxanda isə o vaxt işləyənlər sənin pensiyanı ödəyəcək. Sığorta sisteminə əsaslanan bu qaydanı dəyişmək mümkün görünmür, çünki əks halda dövlətin pensiya sistemi sarsıla bilər.
- Bunu bir neçə nümunə ilə izah etmək olarmı?
- Əlbəttə, məsələn şəxs 65 yaşına çatır və ona əmək pensiyası təyin olunur. Onun pensiya kapitalı 12 ilə (144 ay) bölünür. Əgər 2006-cı ilə qədər əmək stajı varsa, bu da bir il staj üçün müəyyən olunmuş vəsait həcmi ilə onun pensiyasına əlavə edilir. Bu pensiya hər il indeksləşdirilir və pensiya kapitalı müəyyən həddən aşağı olanların minimum pensiya həddi artırıldıqda ona müvafiq olaraq artım tətbiq olunur. Pensiya kapitalını 12 il ərzində tükədənlərin pensiyası kəsilmir, əksinə, indeksləşdirilərək ömür boyu ödənilir. Əgər həmrəylik sxemi olmasa, ödənişin haradan ödənəcəyi məlum olmaz. Digər nümunə isə, zəruri həcmdə kapital yığımı olmayan, amma 25 il sığorta stajı olan şəxs, yaxud 2006-2017-ci illər arası minimum bir ay sığorta stajına görə əmək pensiyası təyin olunmuş şəxs ömürlərinin sonuna qədər pensiya alacaq. Bu da həmrəylik sxemi əsasında təmin edilir, yəni onun pensiya kapitalı cüzi olsa belə pensiya ödəniləcək.

- Bu sistem güzəştli şərtlərlə pensiyaya çıxanlara da şamildir?
- Bəli, əlilliyə görə təyin olunan əmək pensiyaları da eyni sxem əsasında ödənilir. Ailə başçısını itirən ailələr üçün isə 18 yaşına çatmayan və ya təhsilini davam etdirən, yaxud ailədə əlilliyi olan şəxslərə əmək pensiyası verilir. Bu zaman vəfat etmiş şəxsin pensiya kapitalı kifayət edə də bilər, etməyə də bilər. Nəhayət, əmək pensiyası ər və ya arvad arasında ötürülə bilər. Məsələn, qadın əmək pensiyasına çatıb, amma ona təyin edilən pensiya vəfat etmiş ərinin pensiyasından azdırsa, o zaman vəfat etmiş ərin əmək pensiyasını alacaq. Əksinə, əgər arvad vəfat edibsə, onun pensiyası ərinə verilə bilər. Güzəştli şərtlərə pensiyaya çıxanlar da həmrəylik sxemi əsasında ödəniş alır. Deməli, fərdi yığım olsa da, onun sərf olunması bu sxem əsasında həyata keçirilir. Bu dünya praktikasında da geniş yayılıb. Pensiya kapitalı yalnız özəl və könüllü yığım əsasında toplanmışsa və vətəndaşın əlavə kapitalı varsa, o zaman götürülə bilər. Azərbaycanda hələ özəl pensiya fondları yoxdur və yaxın gələcəkdə də onların yaranacağı gözlənilmir.
- Azərbaycanda 5 və daha çox uşağı olan qadınlar pensiyaya 5 il tez çıxmaq hüququna malikdir. Lakin son demoqrafik göstəricilər 2-3 uşaqlı ailələrin də azaldığını göstərir. Bu halda çoxuşaqlı ana anlayışı dəyişə bilərmi?
- 5 və daha çox uşağı olanlar və ya əlilliyi olan uşağı olanlar üçün yaş güzəşti mövcuddur. Lakin əvvəllər mövcud olan, uşaqların sayına uyğun olaraq pensiya yaşının azaldılması qaydası artıq tətbiq edilmir. Yəni, minimum 5 uşaq (övladlığa götürülənlər də daxil olmaqla) və ya əlilliyi olan uşaq varsa, əmək pensiyasına 5 il əvvəl çıxmaq mümkündür. Gələcəkdə demoqrafik vəziyyətin mənfi tendensiyası davam edərsə, bu məsələ nəzərdən keçirilə bilər. Mənim bildiyim qədər, hazırda bu rəsmi orqanlarda müzakirə mövzusu deyil.

- Hazırda işləyən pensiyaçılar üçün pensiyalarına əlavələr yalnız 6 ildən bir edilir. Bu müddətin azaldılması, 4 ilə endirilməsi təklifi gündəmdədir. Bu dəyişiklik olunarsa, müsbət tərəfləri nələrdir?
- Azərbaycanda pensiyadan sonrakı ömür 12 il hesab edilir, baxmayaraq ki, ölkədə orta ömür göstəricisi 74,6 yaşdır, o cümlədən kişilər üçün 73,6, qadınlar üçün isə 78,4 yaş təşkil edir. “6 il” məsələsi də buna əsaslanır, yəni 12 ilin yarısı qədər. Əmək pensiyasına çıxdıqda, pensiya kapitalı 12 ilə (144 aya) bölünür. İşləməkdə davam edənlərin neçə il işləməsindən asılı olmayaraq (məsələn, 3 il işləyibsə), yığılan pensiya kapitalı 6 ilə (72 aya) bölünərək yenidən hesablanır. Məncə, hökumət hələlik bu qaydanı dəyişmək fikirində deyil. Bunun çoxsaylı səbəblərindən biri də yığımın kifayət qədər olmamasıdır, yəni əmək haqqının aşağı olması, qeyri-formal məşğulluğun mövcudluğu və digər səbəblər var.
- Yaşa görə təyin edilən sosial müavinətlərin pensiyalar kimi indeksləşdirilməsi mümkündürmü?
- Mümkündür. Lakin əmək pensiyası ona görə indekslənşirilir ki, onu şəxs özü toplayır, yəni işəgötürənin ayırdığı və əmək haqqından tutulma yolu ilə, yaxud qanunvericilikdə nəzərdə tutulan digər qaydada. Müavinət isə şəxsin topladığı vəsait deyil. Bir gün belə sığorta olunmayan şəxslərə də müvafiq yaş həddinə çatdıqda, ona müəyyən olunan minimal hədd (hazırda 220 manat-red.) təyin olunur. Bu, Konstitusiyanın 38-ci maddəsindən irəli gələn tələbdir (Sosial təminat hüququ-red.).

- 2018-ci ildən yaşa görə müavinət alanların sayı xeyli artıb. Pensiya ala bilməyənlərin bir çoxu deyir ki, onlar işlədiyi halda rəsmi sənədləşmə olmadığından pensiyaya çıxa bilməyiblər. Sosial müavinət alanların bəzilərinin pensiyaya çıxma imkanı varmı?
- Belə hallar əsasən arxiv sənədlərinin itməsi ilə bağlı olur. Yaxud şəxs işləyib, amma əmək münasibətləri rəsmi sənədləşdirilməyib. Əmək kitabçasında qeyd olsa belə, onun üçün sığorta ödənişi olmayıb. Bu halda ən yaxşısı məsələni məhkəmə yolu ilə həll etməkdir. Məsələn, mən güzəştli şərtlə əmək pensiyasına çıxmaq hüququna malik idim. Lakin burada mübahisəli məsələ olduğu üçün DSMF Xidməti mənə məhkəməyə müraciət etməyi tövsiyə etdi. Mən isə işlərimin çoxluğu və öz hüquqlarımı qorumaqda aciz olduğum üçün bunu etmədim. Qismət olsa, yaşa görə əmək pensiyasına çıxacağam. Amma hamıya tövsiyə edirəm ki, bu mexanizmlərdən istifadə etsinlər. Əgər sübutlar varsa, məsələ həll oluna bilir.
- Görünür, DSMF mübahisəli hallarda vətəndaşlara məhkəməyə müraciət etməyi tövsiyə edir. Lakin sizin də qeyd eydiyiniz kimi, bir çox hallarda insanlar haqlı olsalar belə, prosedurların çətinliyi səbəbindən buna gedə bilmirlər. Sizcə, bu proseslər necə sadələşdirilməlidir?
- Dövlət Sosial Müdafiə Fondunun da üzərində nəzarət var, məsələn Hesablama Palatası və digər qurumlar tərəfindən nəzarət həyata keçirilir. Buna görə də mübahisəli məqam yarandıqda vətəndaşa həmin qərarı mübahisələndirmək tövsiyə olunur. Bu halda sosial təminatla bağlı işlər üzrə dövlət rüsumu ödənilmir, yəni vətəndaş məhkəmə xərclərindən azad olunur. Lakin vətəndaş vəkilə müraciət edib hüquqi yardım alarsa, müəyyən xərc yaranır. Məhkəmədə qalib gəldiyi təqdirdə isə həmin xərci qarşı tərəf olan dövlət orqanından tələb edə bilər.

- Elə hallar olur ki, vətəndaş pensiya yaşına az qalmış vəfat edir. Məsələn, 70 min manat pensiya kapitalı toplasa da, ondan heç istifadə edə bilmir. Eyni zamanda, 40-45 il işləyib böyük sığorta kapitalı toplayan bir şəxs vətəndaşlıqdan çıxırsa və başqa ölkədə pensiya hüququ qazanmırsa, əmək qabiliyyətini itirdiyi dövrdə nə etməlidir?
- Vəfat edənin pensiyasını arvadı (əri) ala bilər, birici sualın cavabında qeyd etdiyim şərtlərlə. Digər halda həmin vəsait həmrəylik sxemi üzrə xərclənəcək. Vətəndaşlığı itirəndə isə əmək pensiyası verilmir. Məsələ belədir ki, bizdə ikili vətəndaşlıq qəbul olunmasa da, çoxvətəndaşlılıq halları mövcuddur. Çoxvətəndaşlılıq o deməkdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır, amma eyni zamanda başqa bir (və ya bir neçə) ölkənin vətəndaşlığını da əldə edir. Hazırda buna müəyyən məhdudiyyətlər qoyulub, amma belələri çoxdur. Belələrini Azərbaycan dövləti yalnız öz vətəndaşı kimi tanıyır və onun bütün sosial təminat hüquqları saxlanılır. Bizim “Əmək Pensiyası Haqqında” Qanunumuz yalnız vətəndaşları nəzərdə tutur. Qanunumuz belədir.
- Əhalini ünvanlı sosial yardımların şərtləri və tətbiqi barədə çox sual maraqlandırır. Ünvanlı sosial yardım alanlar üçün orta aylıq gəlir meyarı və yoxlamalar çox mürəkkəb görünür. Sizcə,bu meyarları necə hesablanır və daha sadə, şəffaf sistem tətbiq etmək mümkündürmü?
- Təssüf ki, ünvanlı dövlət sosial yardımı yalnız obyektiv göstəricilər əsasında təyin etmək mümkün deyil. Odur ki, obyektiv qiymətləndirmədən sonra müayinə prosesi də həyata keçirilməlidir. Yəni vətəndaşın internet informasiya resurslarında görünməyən gəlirləri və əmlakı varsa, bu hallar da qiymətləndirilməlidir. Bəziləri məsələn, avtomobili etibarnamə ilə alır, yaxud əmlakını qohumun adına rəsmiləşdirir. Bütün bunları qiymətləndirmək üçün vaxt tələb olunur. Kölgə iqtisadiyyatının mövcudluğu şəraitində isə bu məsələdə 100% ünvanlılığı müəyyən etmək çox çətindir, baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə geniş işlər həyata keçirir.
Bəsti Rəfizadə
Sfera.az
















