“Boz ay” bizi gözləyir - Yağıntılı hava davam edəcək

Qış mövsümünün son günlərini yaşayışırıq. Tədricən hava şəraitinin mülayimləşməsi müşahidə edilir. Artıq belə bir qənaət formalaşıb ki, kəskin soyuqlar olmayacaq.
Sfera.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, ümumən Şimal yarımkürədə qış fəsli bitmək üzrədir:
"Bizim yerləşdiyimiz zona mülayim subtropik qurşaq olduğuna görə burada hava hər zaman mülayim olub. Sadəcə dekabr ayından mart ayına qədər dağlarımız qar yağması ilə xarakterizə olunur. Şübhəsiz ki, soyuq və yağıntılı günlərimiz var. Amma məsələyə yalnız Bakı və Abşeron yarımadası prizmasından baxmaq olmaz. Bakının pəncərəsindən ümumi ölkə ərazisinə nəzər salmaq mümkündür, lakin yağıntı və havanın mülayimliyi təkcə Bakı və Abşeronla bitmir. Digər regionlarımızda qış öz axarı ilə davam edir. Dağlıq və dağətəyi ərazilərimizdə hələ də soyuq günlər müşahidə olunur. Qarabağda, Kiçik Qafqazın bir çox ərazilərində, Böyük Qafqazın yuxarı hissələrində qış davam etməkdədir. Əsas odur ki, dağlarımız qarsız qalmasın. Aşağı ətəklərdə qar olmaya bilər, amma yüksəkliklərdə qarın olması daha məqsədəuyğundur”.

Ekoloq əlavə edib ki, xalq deyimi ilə desək, hazırda kiçik çillədəyik, yəni qışın üç çilləsindən sonuncusunu yaşayırıq:
“Qarşıda isə yenə xalq arasında “Boz ay” deyilən dövr bizi gözləyir. “Boz ay” o deməkdir ki, mart ayının sonuna qədər yağıntılı və sərin havalar davam edəcək. Quraqlıq gözləmirəm, daha çox sərin hava şəraiti davam edəcək. Güclü soyuq olmasa da, sərin keçməsi kifayətdir. Mart ayı boyunca da yağıntılar gözlənilir. Bakı-Abşeron yarımadası üçün illik yağıntının 200-220 mm-dən yuxarı çıxmayacağı proqnozlaşdırılır və orta aylıq göstəricilər də norma daxilində davam edir. Digər ərazilərimizdə isə, məsələn, Lerik dağlarına bu il bol qar yağıb. Ümid edirəm ki, fevralın 20-nə qədər heç olmasa bir dəfə də dağlıq ərazilərimizə qar yağar, ondan sonra isə proses yağışlarla davam edər”.
Fidan Hacızadə
Sfera.az
