Bələdiyyələr birləşdiriləcək? - TƏKLİF

Bələdiyyələr birləşdiriləcək? - TƏKLİF
Kateqoriya məlum deyil
T

"2025-ci ildə dövlət büdcəsindən yerli büdcələrə 7,5 milyon manat dotasiya ayrılıb. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılması deməkdir. Bu isə o deməkdir ki, bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədənkənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir".


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, ötən il bələdiyyələrin torpaq və əmlak vergisindən daxilolmaları 26 faiz artıb:

 

"Bu, təbii ki, pozitiv məqamdır və bələdiyyələrin maliyyə müstəqilliyinin güclənməsi onların fəaliyyətlərinin daha da genişlənməsinə səbəb ola bilər".


Millət vəkili qeyd edib ki, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır:


"Halbuki bələdiyyələrin fəaliyyəti daxil olmaqla, digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir.


Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir. Hesabatdan da görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asılılığını gücləndirir".


V.Bayramov ölkədə bələdiyyələrin sayının çoxluğuna da diqqət çəkib:


"Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Son birləşmədən sonra da Azərbaycanda bələdiyyələrin sayı struktur olaraq yaxın ölkələr ilə müqayisədə yenə də çoxdur. Belə ki, Bolqarıstanda 265, Belarusda 200, Rumıniyada 103, Gürcüstanda 69, qardaş Türkiyədə 1394 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə və eləcə də şəffaflığına təsir göstərir.


Bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuliyyət daşıyır. Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var".


Millət vəkili qeyd edib ki, bələdiyyələrə nəzarət gücləndirilməlidir:


"Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4132 müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçısı idarəetmənin daha da rəqəmsallaşması ilə bağlı tapşırıqlarını vermişdir. Həmin tapşırıqlara uyğun olaraq, bələdiyyələrdə rəqəmsal mexanizmlərdən və eləcə də mərhələli şəkildə süni intellektdən istifadə imkanlarının genişləndirilməsinə ehtiyac var".


V.Bayramov sonda bir neçə təkliflə çıxış edib:


"Bütün bunlar ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövsiyə edərdik: dövlət büdcəsindən dotasiyanın verilməsində keyfiyyət meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya alsın; dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəbə və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilsin. Həmçinin bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması prosesi daha da sürətləndirilsin; bu, saxta sənədlərin verilməsinin qarşısını almaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da artırar. Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi üçün fiskal mənbələrin sayı artırılsın".


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ