"43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə cəlb olunub” - Nazir müavini

"43 bələdiyyənin vəzifəli şəxsi məsuliyyətə cəlb olunub" - Nazir müavini
Kateqoriya məlum deyil
T

2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir. 

 

Sfera.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı danışıb. 

 

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya sisteminə yerləşdirilməsi təmin olunub.

 

Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə də bununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb:


“2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub”.

 

 

Nazir müavini söyləyib ki, Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər. 

 

“Bu məqsədlə bələdiyyələr üçün “Elektron icra” informasiya sistemində elektron kabinetlər yaradılıb və sənədlərin həmin kabinet vasitəsilə operativ şəkildə icraya göndərilməsi imkanı təmin olunub”, - deyən T.Hüseynov qeyd edib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ