"Mygov" hansı üstünlükləri verəcək? - AÇIQLAMA

"Mygov" hansı üstünlükləri verəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Vətəndaşlara lazım olan bütün xidmətlər bir ünvandan göstəriləcək. Bunu Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib. Prezident bildirib ki, son illər ərzində müxtəlif dövlət qurumları, nazirliklər və digər dövlət orqanları tərəfindən müxtəlif platforma və tətbiqlər hazırlanıb.


“Bu işin artıq koordinasiyalı şəkildə aparılması üçün hesab edirəm ki, buna da ehtiyac qalmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Hansı müddət ərzində — bunu mənə təqdim ediləcək təkliflərdə göstərəcəksiniz. Dövlət xidmətləri ‘mygov’ üzərindən həyata keçirilməlidir, yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir: həm dövlət qurumları, həm də vətəndaşlar”, - deyə Prezident vurğulayıb.


İlham Əliyev qeyd edib ki, bu yanaşma vətəndaşlar üçün böyük üstünlüklər təmin edəcək.


İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, bir vətəndaş olaraq dövlət xidmətlərinin vahid platforma, yəni "mygov" üzərindən təqdim olunması ilk növbədə rahatlıq deməkdir.

 

 

Onun sözlərinə görə, hazırda müxtəlif qurumların ayrı-ayrı saytları, tətbiqləri və giriş sistemləri mövcuddur ki, bu da bəzən vətəndaşın hansı xidmətin harada olduğunu tapmasını çətinləşdirir:


“Hər platforma üçün ayrıca qeydiyyat və parol yaratmaq zərurəti vaxt itkisinə və texniki problemlərə səbəb olur. Vahid mərkəz bu pərakəndəliyi aradan qaldırır. Əsas üstünlüklərdən biri sadəlikdir: vətəndaş bir dəfə identifikasiya olunur və bütün xidmətlərə eyni mühitdən çıxış əldə edir. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də istifadəçi təcrübəsini daha anlaşılan və effektiv edir”.


Mütəxəssis vurğulayıb ki, ikinci mühüm üstünlük təhlükəsizlik və səmərəliliklə bağlıdır:


“Ayrı-ayrı platformalar olduqda təhlükəsizlik səviyyəsi də fərqli ola bilər, lakin mərkəzləşdirilmiş sistemdə vahid təhlükəsizlik standartları tətbiq olunur, nəzarət və monitorinq daha effektiv həyata keçirilir. Bu, vətəndaş məlumatlarının qorunması və kibertəhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, fərqli qurumların paralel şəkildə oxşar sistemlər hazırlaması maliyyə və resurs itkisinə səbəb olur. Vahid rəqəmsal arxitektura infrastrukturu optimallaşdırır, məlumatların inteqrasiyasını asanlaşdırır və qərarvermə prosesini sürətləndirir. Bundan başqa, vahid sistem şəffaflığı artırır: xidmətlərin statusu, müraciətlərin mərhələsi və nəticələri daha aydın izlənilir ki, bu da vətəndaş məmnuniyyətini yüksəldir və dövlətlə vətəndaş arasında rəqəmsal etibarı gücləndirir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ