Məmurlar süni intelektlə işləyəcək - İnsan faktoru zəifləyəcək

Məmurlar süni intelektlə işləyəcək - İnsan faktoru zəifləyəcək
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət qurumlarına mühüm tapşırıqlar verib. Prezident süni intellektin dövlət idarəçiliyində geniş tətbiqini vacib sayıb. O bildirib ki, inkişaf etmiş ölkələrdə süni intellekt agentləri dövlət məmurlarının gündəlik fəaliyyətinə dəstək verir və qərarların düzgünlüyünün qiymətləndirilməsində yardımçı olur.


Süni intellekt dövlət qərarlarında insan faktorunu zəiflədə bilərmi? Azərbaycanda süni intellekt tətbiqi üçün hüquqi baza kifayət qədərdirmi?


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay qeyd edib ki, süni intellektin dövlət idarəçiliyinin inteqrasiyası insan faktorunu zəiflətmək yox, onu daha məlumatlı və effektiv etmək potensialına malikdir.


Onun sözlərinə görə, müasir idarəetmədə əsas problem qərar çatışmazlığı deyil, məlumatın həcmi və mürəkkəbliyidir:


“Süni intellekt böyük məlumat axınını analiz edib alternativ ssenarilər təqdim etdikdə, məmur daha əsaslandırılmış və obyektiv qərar vermək imkanı qazanır. Bu isə insan faktorunun zəifləməsi deyil, onun daha analitik səviyyəyə keçməsi deməkdir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, AI agentləri qərar verən mexanizm kimi deyil, qərar prosesini dəstəkləyən sistem kimi tətbiq olunur. Yəni son söz və məsuliyyət yenə də insana məxsus qalır. Süni intellekt riskləri modelləşdirir, statistik təhlil aparır və mümkün nəticələri proqnozlaşdırır, amma siyasi və hüquqi məsuliyyət daşıyan tərəf insan olaraq qalır. Bu model düzgün qurularsa, idarəetmədə sürət, şəffaflıq və dəqiqlik artar. Azərbaycanda hüquqi baza məsələsinə gəldikdə isə, hazırda informasiya təhlükəsizliyi, rəqəmsal hökumət, elektron xidmətlər və şəxsi məlumatların qorunması ilə bağlı normativ çərçivə mövcuddur. Bu baza süni intellekt tətbiqləri üçün ilkin platforma rolunu oynaya bilər”.

 


Ü.Salay vurğulayıb ki, eyni zamanda, süni intellektin daha geniş və sistemli tətbiqi paralel olaraq hüquqi mexanizmlərin də yenilənməsini və konkretləşdirilməsini tələb edəcək:

 

“Bu isə normal və gözlənilən mərhələdir, çünki texnologiya inkişaf etdikcə hüquqi çərçivə də adaptasiya olunur. Ümumilikdə, süni intellektin dövlət idarəçiliyində tətbiqi düzgün strategiya ilə həyata keçirilərsə, bu, qərarların daha obyektiv, məlumat əsaslı və operativ qəbul olunmasına şərait yaradar. İnsan faktoru zəifləməz, əksinə daha keyfiyyətli və məsuliyyətli idarəetmə modelinə keçid baş verər. Bu yanaşma Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirə və ölkənin regional texnoloji mövqeyini daha da gücləndirə bilər”.


Məsələ ilə bağlı saytımıza açıqlama verən digər süni intellekt mütəxəssisi Natiq Məmişov bildirib ki, burada bir neçə mühüm məqam var:


“Süni intellekt potensial olaraq insan faktorunu zəiflədə bilər. Lakin düzgün dizayn və idarəetmə modeli qurularsa, əksinə, insan faktorunu daha da gücləndirər. Bu, texnologiyanın özündən çox, onun necə tətbiq olunmasından və hansı idarəetmə modeli ilə işlədilməsindən asılıdır. Müsbət tərəflərdən biri proseslərin avtomatlaşdırılmasıdır. Pilot layihələr göstərir ki, bu cür sistemlər tətbiq edildikdə minlərlə işçinin vaxtına qənaət olunur, xidmət sürətlənir, qərarvermə və hesabatlılıq artır. Yəni süni intellekt prosesə dəstək verir, lakin son qərar yenə də insana məxsus qalır”.

 


Mütəxəssis müəyyən risklərin də mövcud olduğunu əlavə edib:


“Alqoritmlərin risk qiymətləndirməsi zamanla insanların qərarvermə məntiqinə təsir göstərə bilər. Bu isə daha ehtiyatlı və riskdən qaçan qərarların artmasına səbəb ola bilər. Digər vacib məsələ məlumatın keyfiyyətidir. Əgər sistem zəif və ya səhv məlumatlarla qidalanırsa, nəticə də yanlış olacaq. Məlumatların qarışıq və ya qeyri-dəqiq olması gələcəkdə düzgün nəticə əldə etməyi çətinləşdirə bilər. Çünki sistem təqdim olunan dataya əsaslanır və səhv informasiya üzərində qurulan analiz də səhv qərara gətirib çıxara bilər. Süni intellekt insan faktorunu aradan qaldırmır, lakin qərarvermə məntiqini formalaşdırır və müəyyən çərçivəyə salır. Buna görə də həm texniki infrastruktur, həm də idarəetmə mexanizmi düzgün qurulmalıdır”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ