Hamının tanıdığı, az adamın bildiyi meydan: Dakar

Hamının tanıdığı, az adamın bildiyi meydan: Dakar
Kateqoriya məlum deyil
T

Bakının qəlbində bir meydan var ki, hər gün minlərlə insan onun yanından keçir. Sürücülər üçün burası tıxacın adı, piyadalar üçün sadəcə yolayrıcıdır. Şəhər sakinlərinin dilində isə “Neftçilər dairəsi” kimi tanınır.

 

Amma rəsmi sənədlərdə və xəritələrdə bu məkanın adı Dakar meydanıdır. Bu ad təsadüfi seçilməyib, çünki o, Azərbaycanın Afrikaya açılan ilk pəncərəsidir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz beynəlxalq arenada öz yerini axtararkən, baxışlarını yalnız Avropa və postsovet məkanına çevirmədi. İlk dəfə olaraq Afrika qitəsi ilə rəsmi qardaşlıq münasibəti quruldu. 


Azərbaycanın Afrikada ilk qardaşlıq etdiyi dövlət Seneqal idi. Paytaxtı Dakar olan Seneqal ilə dostluq Bakının mərkəzində bir meydanın adı ilə tarixə köçürüldü.


Meydanın mərkəzində ucaldılan “Afrika ilə qardaşlıq” abidəsi də bu münasibətlərin səssiz, amma çox mənalı şahididir. Abidə sadəcə bir kompozisiya deyil. O, fərqli qitələrin, fərqli mədəniyyətlərin, fərqli tarixlərin bir nöqtədə görüşməsinin rəmzidir. Bakı ilə Dakar arasında minlərlə kilometr məsafə var, amma bu meydanda o məsafə yox olur.

 

Ən maraqlısı isə odur ki, bu qədər məna daşıyan bir yerin adı hələ də insanların yaddaşına köçməyib. Taksi çağıranda, görüş təyin edəndə, ünvan izah edəndə “Dakar meydanı” demək əvəzinə hələ də “Neftçilər dairəsi” deyilir. 


Dakar meydanı təkcə coğrafi ad deyil. O, Azərbaycanın Afrika ilə qurduğu ilk diplomatik körpünün simvoludur. Bu gün Azərbaycan bir çox Afrika ölkəsi ilə siyasi və iqtisadi əlaqələrə malikdir. Amma bu yolun başlanğıcı məhz buradan - Bakının ortasındakı bu səssiz meydandan keçir.

 

Bəlkə də bu meydanın ən böyük paradoksu elə bundadır: hamının tanıdığı, amma az adamın bildiyi bir məkan. Adını bilmədən yanından keçirik, tarixini düşünmədən içindən ötürük.

 

Amma fakt dəyişmir: Bakı Afrikaya ilk dəfə məhz buradan - Dakar meydanından salam verib.
 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ