Evliliyin təhlükəli dövrləri - Bu illərdə boşanma riski çox olur

Evlilik hər zaman iki insanın birgə həyat qurduğu gözəl bir mərhələdir. Amma psixoloqların, ailə məsləhətçilərinin və statistik araşdırmaların göstərdiyinə görə, münasibətlərdə müəyyən dövrlər var ki, boşanma riski daha yüksək olur.
Bu dövrlər “təhlükəli dövrlər” kimi tanınır və hər cütlüyün münasibətində fərqli təsir göstərir. Həmin dövrlərdə münasibətlər daha çox sınaqdan keçirilir. Müşahidələri göstərib ki, evliliyin ilk illəri, xüsusilə 3-7-ci illəri və 15 ildən sonrakı dövrlər riski mərhələ hesab olunur.
Beləliklə, boşanma yalnız evliliyin ilk illərində baş vermir, həm qısa, həm də uzun müddətli evliliklərdə münasibətlərin ciddi sınaq dövrləri mövcuddur.
Bəs, evliliyin hansı dövrlərində boşanma riski daha yüksəkdir? İlk 3 il, yoxsa 15 ildən sonra? Ailələr nələrə diqqət yetirməlidir?
Sfera.az-a bu haqda açıqlama verən psixoloq Ülkər Məhərrəmovanın fikrincə, evlilikdə təhlükəli dövr dediyimiz, adətən münasibətlərin gərginləşmə və riskinin daha yüksək olduğu mərhələ nəzərdə tutulur.

“Bu, hər cütlükdə fərqli olur”,- deyən mütəxəssis boşanmanın ən çox aktivləşdiyi dövrün evliliyin ilk illəri olduğunu bildirib:
“Xüsusilə ilk 3-7 il ən riskli dövr sayılır. Bunun səbəbi, evlənməzdən əvvəlki gözləntilərin reallıqların üzə çıxması ilə ziddiyyət təşkil etməsidir. Sonra tərəflərin ünsiyyət problemləri və maddi çətinliklər üzə çıxır. Nişanlıq və tanışlıq mərhələsində biri digərinə göstərmədiyi tərəfləri evlilikdə açılır, reallıqlar üzə çıxır. Maddi stres, uşağın doğulması və valideynlik məsuliyyətinin artması həm anada, həm də atada gərginlik yaradır. Bu mərhələdə bir çox cütlük münasibətlərinin əsas sınağı ilə üzləşir və gücü çatmayanlar boşanmaya gedirlər. Əslində, boşanmalar yalnız ilk illərdə baş vermir. Son dönəmlərdə 10-20 illik evliliklərdə də boşanmalar artır. Buna “boz boşanma” deyirik, yəni uzun illər dözdüyü və yol verdiyi şeyləri artıq qəbul etməyən, daha rahat və xoşbəxt olmaq istəyən şəxslər boşanmağa qərar verirlər. Bu, ən çox 15-20 il və daha uzun müddət (25-30 il) evli olanlar arasında müşahidə olunur. Bunun səbəbi emosional uzaqlaşmanın baş verməsi, uşaqların böyüməsi və münasibətin zəifləməsidir”.
Psixoloq hansı situasiyaların, proseslərin boşanmaya gətirib çıxardığını da ətraflı izah edib:
“İnsanlar şəxsi inkişaf və dəyişiklik ehtiyacı hiss etdikdə, münasibətlər üzərində işləməyib yalnız özlərini dəyişirlərsə, boşanma qaçılmaz olur. Amma tərəflər öz yanlışlarını qəbul edib, münasibətlərdə mane olan halları birlikdə həll etməyə çalışsalar, məsələn, ailə terapistinə müraciət etsələr, boşanmaların sayı xeyli azalır. Statistikaya görə, boşanma ən çox ilk illərdə baş verir, amma uzunmüddətli evliliklərdə də boşanma halları son zamanlar nəzərəçarpacaq dərəcədə artıb. Onu qeyd edək ki, boşanma adətən tək bir hadisənin nəticəsi olmur, məsələn, xəyanət və ya maddi sıxıntı kimi hallar. Boşanma uzun müddət həll olunmamış problemlərin yığılması ilə baş verir. Əgər tərəflər açıq ünsiyyət qura bilmirlərsə, qarşılıqlı hörmət və anlayış yoxdursa və peşəkar dəstək almırlarsa, bu vəziyyət mütləq boşanma ilə nəticələnir. Peşəkar dəstəyin münasibətlərin qorunmasında əvəzsiz rolu vardır”.
Bəsti Rəfizadə
Sfera.az






