“Patent haqqında” Qanun dəyişdirilir

"Patent haqqında" Qanun dəyişdirilir
Kateqoriya məlum deyil
T

“Patent haqqında” Qanuna bir sıra dəyişikliklər ediləcək. 


Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub. 


Layihəyə əsasən, patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayacaq.

 

İxtira, faydalı model və sənaye nümunəsi sayılmayan obyektlərin siyahısı da  genişləndirilir.


Layihəyə əsasən, ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla) ixtira, faydalı model və sənaye nümunəsi sayılmayacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib

 

Bunlardan başqa yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.


Layihəyə əsasən, xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.


Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödəniləcək, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürüləcək, habelə innovativ fəaliyyətin inkişafına yönəldiləcək.


İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə biləcək. Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə biləcək.


Yuxarda qeyd edilənlər nəzərə alınmaqla işəgötürən ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu başqasına verdikdə işəgötürənin götürdüyü gəlir işçiyə verilən haqqın məbləğinə uyğun gəlməzsə və ya əgər işəgötürən obyektin istifadəsində iştirakını davam etdirərsə və işçiyə ödənilən haqqa uyğun gəlməyən gəlir götürərsə, işçinin, haqq məbləğinin artırılmasını tələb etmək hüququ olacaq.


Bu Qanunun 39-cu maddəsində bildirilib ki, bu Qanunda nəzərdə tutulmuş hallarda “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərdiyi bu Qanunda nəzərdə tutulan xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.


Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ