"Uşaqlar sosial mediadan ciddi təsirlənir"- Millət vəkili

Bakıda yerləşən "İdrak" liseyində müəllimi odlu silahla yaralayan şagirdin sosial şəbəkələrdən aktiv istifadə etdiyinə, burada neqativ paylaşımların təsiri altına düşdüyünə dair iddialar yayılmaqdadır. İddialara əsasən, müəllimi güllələyən şagird sosial şəbəkələrdə Vladislav Roslyakovun əməllərini dəfələrlə izləyib.
Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı. Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-də baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.
Yeniyetmələrin sosial şəbəkələrdəki paylaşımların təsiri altına düşdüyünü nəzərə alan bəzi dövlətlər uşaqların sosial şəbəkələrindən istifadə etməsini qadağan edib.
Bəs Azərbaycanda da oxşar addımlar atılmalıdırmı? Sosial şəbəkələr uşaqların psixolojiyasına mənfi təsir imkanı varmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu ciddi bir problemdir.
Onun sözlərinə görə, uşaqlar bu gün sosial mediadan çox təsirlənir:

“Sosial media uşaqların psixologiyası, təfəkkürü və düşüncəsinə çox ciddi təsir göstərir. Gənclər sosial mediaya girərək bir çox materialla tanış olur, videolara baxır və onların təsiri altına düşürlər. “Kerç Kolumbayn” adlanan hadisə ən narahatedici, ciddi bir hadisə kimi tarixə düşüb. “İdrak” liseyində baş verən son hadisə də bunu bir daha təsdiq etdi. Ona görə də burada davamlı iş aparılmalıdır”.
Millət vəkili qeyd edib ki, İspaniya və İtaliya kimi Azərbaycan da bu barədə işlər görməlidir.
C.Məmmədovun fikrincə, 16 yaşınadək uşaqlar sosial mediadan istifadə etməli deyillər:
“Çalışmalıyıq ki, gənclərimizi bu təsirlərdən qoruyaq. Bunun qarşısını ala bilmədiyimiz təqdirdə bizi qarşıda daha çətin dövr gözləyir. Bu səbəbdən mütləq şəkildə qanunvericiliyə müəyyən maddələr daxil etməliyik, qanunvericiliyi daha da təkmilləşdirməli və sərtləşdirməliyik. Bu birmənalı olaraq həllini tapmalıdır. Bu istiqamətdə səylərimizi gücləndirməli və addımlar atmalıyıq”.
Firuzə Əliyeva
Sfera.az
