“Smart parking”lər qanunidir? – Hüquqşünasdan AÇIQLAMA

"Smart parking"lər qanunidir? – Hüquqşünasdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bakının bəzi küçəsində yeni bir “praktika” yayılıb. Belə ki, yaşayış binalarının və iş yerlərinin qarşısında pultla idarə olunan fərdi "smart parking" baryerləri quraşdırılır. Avtomobil sahibləri bu qurğular vasitəsilə küçədəki park yerlərini faktiki olaraq şəxsi mülkiyyətə çevirir. Halbuki paytaxtda park yeri tapmaq onsuz da çətinləşib, bir çox ərazidə isə “AzParking” xətti üzrə cəmi bir-iki yer mövcuddur. Nəticədə ictimai istifadə üçün nəzərdə tutulan park yerlərinin bu cür zəbt edilməsi haqlı narazılıqlar yaradır və suallar doğurur.
 

Küçələrdə, yaşayış binalarının və obyektlərin qarşısında quraşdırılan pultla idarə olunan fərdi “smart parking” baryerlərinin qanuniliyi necə tənzimlənir, bu qurğularla ictimai park yerlərinin şəxsi istifadə üçün zəbt edilməsi hansı hallarda qanun pozuntusu sayılır və buna görə hansı məsuliyyət tədbirləri nəzərdə tutulur?

 

Mövzu ilə bağlı Sfera.az-a vəkil Turan Abdullazadə açıqlama verib.

 

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, şəhər küçələri, səkilər və yol kənarı park yerləri dövlət mülkiyyətindədir və vətəndaşların ümumi istifadəsində olan ərazilər hesab olunur:

 

 

“Yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi rejimə salına bilər. Belə baryerlər yalnız bir neçə halda qanuni sayıla bilər. Əgər torpaq sahəsi şəxsin mülkiyyətində və ya icarəsindədirsə və həmin sahə ümumi istifadəli küçə və yol zolağına daxil deyilsə, həmçinin, yerli icra hakimiyyəti və ya AYNA ilə rəsmi razılaşma varsa ərazi xüsusi rejimə salına bilər. Özəl həyət, müəssisənin rəsmi balansında olan daxili dayanacaq, tikinti layihəsində nəzərdə tutulmuş bina sakinlərinin parkinq sahəsidirsə bu halda belə baryerlər qanuni sayıla bilər. Küçə park yerinin, yol kənarının, binanın qarşısındakı ümumi sahənin fərdi baryerlə bağlanması, “AzParking” xəttinə daxil olan və ya daxil ola biləcək ərazinin şəxsi istifadə üçün zəbt edilməsi, heç bir rəsmi icazə olmadan mexaniki və ya smart baryer quraşdırılması qanunsuzdur”. 

 

T.Abdulalzadə qeyd edib ki, “Hamı edir, heç kimə söz deyən yoxdur” arqumenti hüquqi baxımdan tamamilə əhəmiyyətsizdir: 

 

“Qanunsuz praktikanın geniş yayılması onu qanuniləşdirmir.  Əgər belə baryerlə qarşılaşırsınızsa, AYNA-ya və rayon icra hakimiyyətinə yazılı şikayət, vəya foto/video sübutlarla elektron müraciət edə bilərsiniz. Təcrübədə düzgün əsaslandırılmış müraciətlərdən sonra baryerlərin söküldüyü hallar az deyil.

Nəticə olaraq, küçə park yerlərinin pultla idarə olunan baryerlərlə şəxsi istifadəyə verilməsi ümumi qayda olaraq qanunsuzdur, istisna yalnız rəsmi mülkiyyət və icazə olduqda mümkündür”. 


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ