Nikah yaşında "yüksəliş" - "Bunlar gec evlənməyə səbəb olur"

Son illərdə Azərbaycanda ilk dəfə nikaha daxil olan insanların yaş həddində yüksəlmə müşahidə edilir. Rəsmi və qeyri-rəsmi müşahidələr göstərir ki, kişi və qadınların ilk dəfə nikaha girmə yaşı əvvəlki illərlə müqayisədə artıb. Hazırda bu göstərici kişilər üçün təxminən 30, qadınlar üçün isə 26 yaş təşkil edir. Bu dəyişiklik cəmiyyətdə sosial, iqtisadi və psixoloji amillərin ailə institutuna təsirini yenidən gündəmə gətirib.
Bəs görəsən, Azərbaycanda kişi və qadınların ilk dəfə nikaha girmə yaşının artmasının əsas səbəbləri nələrdir və bu tendensiya daha çox hansı faktorlarla bağlıdır?
Sosioloq Əhməd Rəhmanov Sfera.az-a açıqlamasında bildirib ki, son illər Azərbaycanda vətəndaşlar arasında iqtisadi stabillik və işsizlik ciddi problemə çevrilib. Onun sözlərinə görə, insanlar çox vaxt ailə qurmaqdan çəkinir və əvvəlcə maddi vəziyyətlərini möhkəmləndirməyə üstünlük verirlər:

“Əvvəllər insanlar həm özlərindən, həm də cəmiyyətdən dəstək gözləyirdi. İşsiz qalanın işlə təmin olunması daha rahat idi. İndi isə işsizlər ordusu böyük olduğundan, insanlar ailə qurmağa yalnız yaşlandıqda, qocalanda kimsənin onlara dəstək olacağı ehtimalını nəzərə alaraq qərar verirlər. Bu səbəbdən evlilik yaşı xeyli artıb”.
Sosioloq qeyd edib ki, bu tendensiya boşanmaların sayının artması ilə də bağlıdır:
“Həm qadın, həm də kişi müəyyən yaş dövründən sonra adaptasiya olunmağa daha az meyllidirlər və artıq özlərini formalaşdırıblar. Məsələn, 25-26 yaşına qədər qadın maddi müstəqilliyini əldə edir və ailə quranda kompromisə getmək istəmir. Kişilər də eyni şəkildə qadından asılı olmadan həyatlarını davam etdirirlər. Beləliklə, insanların özünü reallaşdırma səviyyəsinin yüksəlməsi və kompromisə getmək istəməməsi boşanmaların sayının artmasına səbəb olur”.
Niyaz Hacıyev
Sfera.az
