Bu rayonlara dəmiryolu ilə gedin - EKSPERT

Havanın kəskin soyuması, dağlıq və dağətəyi ərazilərdə qar yağışı ilə bağlı son günlər aidiyyəti dövlət qurumları tərəfindən sürücülərə və vətəndaşlara ardıcıl xəbərdarlıqlar edilir. Buna baxmayaraq, xüsusilə həftəsonları Quba, Qusar, Lerik, Şahdağ və digər dağlıq istiqamətlərə səfərlərin sayında artım müşahidə olunur. Rəsmi statistikaya görə, qış mövsümündə baş verən yol-nəqliyyat hadisələrinin təxminən 30–35 faizi məhz hava şəraiti ilə əlaqəli risklər-sürüşmə, görünüş məsafəsinin azalması və yolun buz bağlaması səbəbindən qeydə alınır.
Daxili İşlər Nazirliyinin açıqlamalarına əsasən, ötən qış mövsümündə dağlıq ərazilərdə baş verən qəzaların əksəriyyəti qış təkərlərindən istifadə olunmaması və sürət həddinin aşılması ilə bağlı olub. Mütəxəssislər bildirirlər ki, fərdi nəqliyyat vasitələri ilə bu istiqamətlərə edilən səfərlər həm sürücülər, həm də sərnişinlər üçün əlavə risklər yaradır.
Bəs sürücülər qarlı və şaxtalı havalarda hansı ehtiyat tədbirlərini görməlidir? Dağlıq bölgələrə səfər etmək nə dərəcədə təhlükəsizdir və alternativ nəqliyyat vasitələrindən istifadə çıxış yolu sayıla bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hava şəraitinə uyğun yol planlaması edilməlidir.
Onun sözlərinə görə, təkərlər qış üçün olmalı, sürətlər tənzimlənməlidir.

Ekspert bildirib ki, yol marşrutu kimi ən təhlükəsiz olan variant seçilməlidir:
“Bacardıqca ictimai nəqliyyatdan istifadə olunmalıdır. Vaxtaşırı avtovağzaldan avtobuslar çıxır. Bu ildən avtoparkın yenilənməsi üçün də stimullaşdırıcı tədbirlər görülməlidir ki, insanlar ictimai nəqliyyata daha çox meyl etsinlər. Digər tərəfdən, gedilən bölgəyə dəmiryolu varsa, bu istiqamətdə səfərlərin təşkili üzrə işlər görülməlidir. Əgər növbəti illərə yeni hərəkət heyəti alınması nəzərdə tutulursa, bununla paralel olaraq hətta işlənmiş dizel qatarların alınıb xəttə buraxılması vacibdir ki, hava şəraitindən asılı olmayaraq hərəkət təmin olunsun. Sürücülər görsə ki, alternativ dəmiryolu var, səfər zamanı fərdi nəqliyyatdan çəkinəcək. Dəmiryolu daha təhlükəsiz səfərin təşkili üçün münasibdir”.
R.Ağamirzəyev qeyd edib ki, ölkədə dəmiryoluna diqqət artırılmalıdır:
“Ötən il ölkədə dəmiryolunun 145 illiyi tamam oldu, aktiv olaraq yenidənqurma işləri keçirilir. Qərb, şimal və şimali qərb hissələrə hərəkətdə məhdudiyyət yoxdur, sadəcə hərəkət tərkibi yenilənməlidir. Növbəti mərhələlərdə elektrik qatarlara keçid edilə və həmin dizel qatarlar başqa istiqamətə yönləndirilə bilər. İstənilən halda, bu qatarlar boş qalmayacaq”.
Firuzə Əliyeva
Sfera.az
