Telefon və “WhatsApp” yazışmalarında hədələr: hüquqi məsuliyyət yaradırmı?

Telefon və "WhatsApp" yazışmalarında hədələr: hüquqi məsuliyyət yaradırmı?
Kateqoriya məlum deyil
T

Gündəlik həyatda, xüsusilə telefon danışıqlarında və ya “WhatsApp” yazışmalarında emosional anlarda işlədilən hədələyici ifadələr bəzən polisə şikayətlə nəticələnir. “Sənin başına oyun açaram”, “Razılaşmasan, görərsən nə olacaq” kimi sözlər isə vətəndaşlarda ciddi narahatlıq yaradır. 


Bəs bu tip ifadələr cinayət məsuliyyəti yaradırmı?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil, hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, bu cür ümumi və qeyri-müəyyən ifadələr hər zaman hüquqi məsuliyyətə səbəb olmur.


Onun sözlərinə görə, bu tip ifadələrin arxasında konkret olaraq nəyin nəzərdə tutulduğunu müəyyənləşdirmək çətindir:

 

"Belə sözlər fiziki zorakılıq hədəsi ola biləcəyi kimi, rüsvayedici məlumatların yayılması, yaxud da hüquqi yolla, məhkəməyə müraciət ediləcəyi mənasını da verə bilər".


Professor qeyd edib ki, şikayət daxil olduğu halda təhqiqatçı tərəfləri çağıraraq izahat almalı, ifadələrin real məzmununu və ciddiliyini araşdırmalıdır:


“Yalan xarakterli, qeyri-ciddi və konkret təhlükə ehtiva etməyən ifadələr adətən məsuliyyət yaratmır. Çünki prosessual hüquqda əsas qayda var: ixtilaf olduqda sübut olunmayan hal, baş verməmiş kimi qəbul edilir”.


Fərhad Mehdiyevin sözlərinə görə, aşağıdakı ifadələr, əksər hallarda, cinayət məsuliyyəti yaratmır:
•    “Səni polisə və məhkəmələrdə süründürəcəm”
•    “Səni qonşuların gözündə rəzil-rüsvay edəcəm” (yalnız deyilmə faktı; əgər bu həyata keçirilərsə, məsuliyyət yarana bilər)
•    “Səni şikayət edib ilişdirəcəm”
•    “Allah bəlanı versin”
•    “Cəddim səni tutacaq, gələn ilə sağ çıxmayacaqsan” (ölümün metafizik səbəblərlə bağlanması)

 


Vəkil vurğulayıb ki, vətəndaşı hüquqi tədbirlərlə qorxutmaq özü-özlüyündə məsuliyyət doğurmur. Lakin bəzi hallarda ifadənin forması artıq cinayət niyyəti göstərə bilər:


“Məsələn, “bir-iki şahid tapıb səni elə şərləyərəm ki…” kimi ifadələr artıq böhtan cinayətinin hazırlıq mərhələsini təşkil edir və bu zaman hüquqi məsuliyyət yarana bilər”.


Fərhad Mehdiyev vətəndaşlara tövsiyə edib ki, emosional anlarda məsuliyyət yarada biləcək söz və davranışlardan çəkinmək lazımdır:


“Hər hansı hüquqi problem yaranarsa, ilk izahatı verməzdən əvvəl mütləq vəkilinizlə əlaqə saxlayın”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ