Bayramda ciddi təhlükə - 5000 manata qədər cəriməsi var

Bayram ərəfələrində pirotexniki vasitələrin, xüsusilə də yüksək səs və partlayış effekti yaradan məhsulların satışı qanunvericiliklə qadağan edilib. Bu qadağaların əsas məqsədi ictimai təhlükəsizliyin qorunması, uşaqların və yeniyetmələrin sağlamlığının risk altına düşməsinin qarşısını almaqdır. Lakin bütün bu məhdudiyyətlərə baxmayaraq, bayram günləri yaxınlaşdıqca şəhərin müxtəlif ərazilərində, xüsusilə də qəsəbə və məhəllələrdə tez-tez “partlayış” səslərinin eşidilməsi cəmiyyətdə haqlı suallar doğurur: qadağan olunmuş bu vasitələr uşaqların əlinə necə və hansı yollarla keçir?
Məsələnin ən narahatedici tərəfi ondan ibarətdir ki, əvvəllər əsasən gizli satıcılar tərəfindən həyata keçirilən qeyri-qanuni pirotexniki vasitələrin satışı artıq yeni və daha təhlükəli mərhələyə keçib. Belə ki, “zırpaket” kimi tanınan protexniki vasitələrin satışına uşaqların və yeniyetmələrin öz aralarında formalaşdırdığı qeyri-rəsmi şəbəkələrdə də rast gəlinir. Məktəbli çantalarında gizlədilən, məhəllə içində əlbəəl ötürülən və sosial şəbəkələr üzərindən sifariş edilən bu məhsulların satışı faktiki olaraq nəzarətdən kənar qalır.
Sosial media platformaları və mesajlaşma tətbiqləri bu qeyri-qanuni alver üçün əlverişli mühitə çevrilib. Qapalı qruplar, şifahi razılaşmalar və “tanış-tanışa” prinsipi ilə satılan pirotexniki vasitələr nə keyfiyyət, nə də təhlükəsizlik baxımından hər hansı yoxlamadan keçmir. Bu isə xüsusilə azyaşlıların ciddi xəsarətlər alması, yanıq və əl barmaqlarının zədələnməsi, hətta bədbəxt hadisələrlə üzləşməsi riskini dəfələrlə artırır.
Pirotexniki vasitələrin gizli üsullarla satılmasının qarşısını almaq üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən hansı xüsusi tədbirlər həyata keçirilir? Həmçinin, pirotexniki məmulatların satışı ilə məşğul şəxsləri hansı cəza tədbirləri gözləyir?
Sfera.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur. Bu məmulatlar, əsasən, yetkinlik yaşına çatmayan şəxslər, azyaşlılar tərəfindən istifadə edilir və əksər hallarda bədbəxt hadisələrlə nəticələnir.
C.Qənbərli qeyd edib ki, qanuna görə, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

DİN əməkdaşı bir daha vətəndaşların diqqətinə çatdırıb ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. O, hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Firuzə Əliyeva
Sfera.az
