Metroda bu hərəkətləri etməyin: Həbs oluna bilərsiniz

Son illər ictimai nəqliyyatda, xüsusilə də metroda istər yeniyetmələrin, istər gənclərin, istərsə də qadınların əxlaqsız və qeyri-etik davranışlarla üzləşməsi ilə bağlı şikayətlər artmaqdadır. Bu cür hallara toxunma, sözlə və ya hərəkətlə narahat etmə, cinsi xarakterli jestlər və digər ləyaqəti alçaldan davranışlar daxildir. İctimai məkanda baş verən bu tip əməllər təkcə mənəvi baxımdan deyil, həm də hüquqi aspektdən ciddi məsuliyyət yaradır.
Azərbaycan qanunvericiliyinə əsasən bu cür şəxsləri hansı cəza gözləyir? Xüsusilə azyaşlılar yeniyetmələr bu cür hallarla rastlaşıdqda nə etməlidir?
Məsələ ilə bağlı vəkil Babək Umudov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinə əsasən inzibati və ya cinayət məsuliyyəti yarada bilər:
“Bu cür əməllər əsasən xırda xuliqanlıq və ya xuliqanlıq kimi qiymətləndirilir və inzibati cərimə, inzibati həbs və ya ağır hallarda cinayət məsuliyyəti ilə nəticələnə bilər. Əgər hərəkət yetkinlik yaşına çatmayanlara qarşı və ya seksual xarakter daşıyırsa, daha ağır cinayət məsuliyyəti nəzərdə tutulur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin zor tətbiq olunmayan, əmlaka zərər vurulmayan və ya zor tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunmayan hərəkətlər xırda xuliqanlıq hesab olunur və 50 manatdan 100 manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq edilir”.

Vəkilin sözlərinə əsasən, əgər hərəkət ictimai qaydanı kobud şəkildə pozursa, cəmiyyətə açıq hörmətsizlik ifadə edirsə və zor tətbiqi və ya hədəsi ilə müşayiət olunursa, bu halda Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq kimi qiymətləndirilir və cinayət məsuliyyəti yaranır:
“16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədildikdə və ya həmin şəxsi cinsi xarakterli hərəkətləri müşahidə etməyə cəlb etdikdə, Cinayət Məcəlləsinin 153-cü maddəsinə əsasən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edim ki, göstərilən cinayətlərə görə məsuliyyət həmin əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi 2 ildən çox olduqda yaranır.
Əlavə edim ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişin ictimai asayişi pozduqda və ya onun davranışı cəmiyyətin əxlaq normalarına uyğun olmadıqda, ictimai nəqliyyatın sürücüsü sərnişinin daşınmasından imtina edə bilər və ya onu polis bölməsinə apara bilər.
Bu cür xoşagəlməz hallarla qarşılaşan və ya məruz qalan sərnişinlər bir-birilərinə qarşı həssas davranmalı, əxlaqsız davranışlar sərgiləyən şəxs barəsində dərhal yaxınlıqdakı polis bölməsinə şikayət etməli, yaxud 102 qaynar xəttinə müraciət etməlidirlər”.
Bəsti Rəfizadə
Sfera.az
