Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA

İranın Hormozqan əyalətində H3N2 qripindən ilk ölüm hadisəsi qeydə alınıb. Məlumata görə, 26 yaşlı xəstə qripdən vəfat edib.
Qeyd edilib ki, son üç gündə əyalətdə yuxarı tənəffüs orqanlarını zədələyən virusların yayılma tezliyi narahatedici hal alıb.
Virusun İranda qeydə alınan ilk ölüm hadisəsindən sonra bu xəstəliyin Azərbaycana keçmə ehtimalı varmı? H3N2 qripinin əsas əlamətləri hansılardır?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən infeksionist Aytən Ziyadova H3N2 qripinin digər mövsümi qriplərə bənzər simptomlarla eyni olduğunu bildirib. Onun sözlərinə görə, əsas göstəricilər qızdırma (tez-tez titrəmə ilə), öskürək (bəzən 1–2 həftə davam edə bilər), boğazda ağrı, boğaz tutulması, burun axması və ya tıxanma, selikli ifrazat, baş ağrısı, ümumi halsızlıq, əzələ və oynaq ağrıları, bədənin müxtəlif nahiyələrində ağrı-narahatlıq , bəzən qusma, qarın narahatlığı, ishal kimi həzm sisteminə aid əlamətlər də görünə bilər, xüsusilə uşaqlar və immuniteti zəif olanlarda”.

İnfeksionist eyni zamanda yuxarı tənəffüs yollarında tutqunluq olduqda, boğazda yanma, bəzən qulaqlarda ağrı və qaşınma kimi hallarda da baş verə biləcəyini qeyd edib.
Həkim virusun bəzi hallarda ağırlaşaraq pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, bəzən ölümə qədər gedə biləcəyini də əlavə edib:
“H3N2 çox yoluxucu respirator virusdur. Tənəffüs damcıları, asqırma, öskürmə, yaxud çirklənmiş səthlərlə təmas yolu ilə bir şəxsdən digərinə keçə bilər. Ölkələr arasında, xüsusən qonşu regionlar arasında mobilik (səyahət, ticarət, sərhəd keçidləri) olduqda belə virusun yayılması mümkündür. Əslində, rəsmi qurumlarımız da bəyan edib ki, “qrip virusunun yayılması istisna deyil. Son vaxtlar bir çox regionda, o cümlədən İranda H3N2-nin sürətlə yayıldığı, bu ştammın dominant qrip virusuna çevrildiyi barədə məlumatlar var”.
Fidan Hacızadə
Sfera.az
