Aldadıcı reklam: Bloggerin videosu müzakirə yaratdı - FOTO

Aldadıcı reklam: Bloggerin videosu müzakirə yaratdı - FOTO
Kateqoriya məlum deyil
T

Bakıda hər il keçirilən “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkası həm əyləncə, həm də müxtəlif dadlı təamların satışı ilə şəhər sakinlərinin və turistlərin marağına səbəb olur. Burada iştirak edən iaşə müəssisələri öz məhsullarını reklam etmək imkanı da qazanırlar.

 

Son illərdə sosial şəbəkələrdə “food blogger”lərin artması ilə bu yarmarkadakı məkanların reklamı daha çox gündəmə gəlir. Lakin bəzən təqdim edilən görüntü ilə real məhsul arasında ciddi fərqlər olur ki, bu da istehlakçılar arasında narazılıq yaradır.

 

Sfera.az bildirir ki, belə hallardan biri də yaxın günlərdə müzakirə mövzusu olub. “Eatwithenu” adlı food blogger Elnurə Əlizadə yarmarkada “Crunch Burger” və “crunch pizza” ilə bağlı video paylaşmışdı. Daha sonra bir vətəndaş eyni məhsulu alaraq fotoda göstərib ki, real pay bloggerin təqdim etdiyi ilə müqayisədə daha kiçik və az tərkiblidir.

 

Bu fərq izləyicilərdə sual doğurub: istehlakçı hüquqları pozulurmu?

 

Azərbaycan qanunvericiliyinə görə, “Reklam haqqında” Qanun məhsulun keyfiyyət və miqdarı barədə istehlakçını çaşdıran məlumat aldadıcı reklam sayılır.

 

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən isə istehlakçı düzgün və dolğun məlumat almaq hüququna malikdir. Uyğunsuzluq olduqda məhsulun dəyişdirilməsini, ödənilən məbləğin geri qaytarılmasını və ya satıcının məsuliyyətə cəlb edilməsini tələb edə bilər.

 

Bloggerlər ayrıca hüquqi subyekt kimi təsnif edilməsə də, reklam müqaviləsi əsasında işləyən influencerlər reklamın məzmununa görə cavabdehdirlər.

 

Reklamda göstərilənlə real məhsul arasında ciddi fərq varsa, bu aldadıcı reklam hesab olunur. İstehlakçılar belə hallarda İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə müraciət etməlidirlər.

 

Firuzə Əliyeva

Sfera.az

 

PAYLAŞ