Yerli media rəqabət apara bilmir — reklam niyə xaricə gedir?

Yerli media rəqabət apara bilmir — reklam niyə xaricə gedir?
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, yerli medianın qorunması və ədalətli rəqabət mühitinin formalaşdırılması üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq edilməlidir.

 

Onun sözlərinə görə, TikTok, Meta, Google və digər qlobal şirkətlərə yerli təsisçi və ya nümayəndəlik açmaq, həmçinin ölkədə server və rəsmi təmsilçilik yaratmaq öhdəliyi qoyulmalıdır. Bundan əlavə, bu platformalardan uşaq kontenti ilə bağlı qaydalara ciddi şəkildə əməl etmələri tələb olunmalıdır.

 

Bu addımlar yerli media üçün reklam bazarını canlandıra bilərmi? Reklam bazarının xarici platformalara yönəlməsinin əsas səbəbləri nələrdir?

 

Sfera.az-a bu barədə açıqlama verən yeni media üzrə tədqiqatçı Səbinə İzzətli bildirib ki, bu tədbirlər yerli medianın hüquqi mühitini gücləndirsə də, reklam bazarını təkbaşına canlandırması real görünmür:

 

 

“Reklam axınının xaricə yönəlməsi daha fundamental səbəblərlə bağlıdır. Bu gün insanların çoxu vaxtını “Instagram”, “Facebook”, “YouTube”, “TikTok” kimi platformalarda keçirir. Yerli saytların auditoriyası isə həm azdır, həm də dağınıqdır. “İnsanların əksəriyyəti TikTok-dadırsa, mən niyə reklamı başqa yerə verim?” deyə düşünən reklamverən üçün ölçülə bilən nəticə hər şeydən önəmlidir”. 

 


S.İzzətli sadalanan platformaların reklamverənə daha geniş auditoriya, daha dəqiq hədəfləmə, ölçülə bilən nəticə və daha ucuz qiymət təklif etdiyini qeyd edib: 


“Yerli mediada isə texnoloji imkanlar, analitika və istifadəçi miqyası məhdud olduğu üçün reklam effektivliyi aşağı görünür. Buna görə də reklamverənlər büdcəni xarici mediaya yönəldir ki, yatırdıqları puldan maksimum nəticə alsınlar. Zənnimcə, yerli media rəqabət qabiliyyətini artırmadıqca tənzimləmə tədbirləri reklam axınını köklü şəkildə dəyişməyəcək”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ