"Media bu məsələdə güzgü rolunu oynamalıdır"

Müasir cəmiyyətlərin sosial inkişafını müəyyən edən əsas sütunlardan biri gender bərabərliyinin təmin olunması, ailə institutunun dayanıqlığı və demoqrafik balansın qorunmasıdır.
Sfera.az xəbər verir ki, bu mövzular yalnız sosial siyasətin deyil, həm də informasiya mühitinin prioritet istiqamətlərindən biridir. Çünki gender və demoqrafiya məsələləri birbaşa insan hüquqları, iqtisadi inkişaf, sosial ədalət və milli təhlükəsizliklə bağlıdır. Buna görə də bu sahələrin mediada düzgün və obyektiv şəkildə işıqlandırılması ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Gender məsələlərinin işıqlandırılması təkcə qadınların hüquqlarının müdafiəsi ilə məhdudlaşmamalıdır. Bu mövzu daha geniş perspektiv tələb edir: ailədaxili rol bölgüsü, kişi və qadın davranış modellərinin stereotiplərlə deyil, real sosial ehtiyaclarla formalaşması, əmək bazarında bərabər imkanlar, təhsil və səhiyyə xidmətlərinə çıxış kimi başlıqlar kompleks şəkildə araşdırılmalıdır. Media isə bu sahədə sadəcə fakt təqdim edən platforma yox, maarifləndirici funksiyanı daşıyan mühüm vasitə kimi çıxış etməlidir. Eyni zamanda tərəfsiz, qərəzsiz və stereotiplərdən uzaq materiallar cəmiyyətin gender dəyərlərinə baxışını dəyişə və daha inklüziv mühit yarada bilər. Ailə institutunun gücləndirilməsi də mediada gündəmin önəmli mövzularındandır.
Son illər həyat tərzinin dəyişməsi, urbanizasiya, iqtisadi çətinliklər, həmçinin sosial media təsirləri ailə münasibətlərində yeni dinamika yaradıb. Boşanmaların artması, nikah yaşının yüksəlməsi, ailədaxili zorakılıq hadisələrinin görünürlüğünün artması media üçün daha həssas yanaşma tələb edən mövzulardır. Jurnalistlər bu məsələləri işıqlandırarkən senzasiya axtarmaqdan çox, problemin köklərini göstərməyə, ekspert rəyinə əsaslanmağa, sosial-psixoloji aspektləri ön plana çıxarmağa çalışmalıdırlar.
Eyni zamanda ailə modelinin tək variantdan ibarət olmadığını göstərmək, müxtəlif ailə strukturlarının mövcudluğunu obyektiv şəkildə təqdim etmək də vacibdir. Demoqrafik dəyişikliklər isə hər bir ölkənin iqtisadi gücünə, əmək resurslarına, sosial təminat sisteminə və uzunmüddətli inkişaf strategiyasına təsir göstərən faktorlardandır. Aşağı doğum göstəriciləri, miqrasiya dalğaları, yaşlanma prosesi, regionlar arasında əhali balansının pozulması bütün bunlar cəmiyyətin gələcəyini müəyyən edən məsələlərdir. Media bu sahəni işıqlandırarkən həm statistikanı düzgün təqdim etməli, həm də rəqəmlərin arxasındakı sosial mənzərəni açmalıdır. Həmçinin əhali azalma tendensiyasının səbəbləri, gənclərin xaricə axınının motivləri, ailə qurmaqdan imtinanın sosial kökləri, qadınların iş və ailə həyatını balanslaşdırmaqda çətinlikləri kimi mövzulara dərin və analitik yanaşma tələb olunur.
Bu istiqamətlərin düzgün işıqlandırılmasının əsas şərti peşəkar dil, faktlara əsaslanan yanaşma və ictimai həssaslığa uyğun xəbər standartlarının qorunmasıdır. Media həmçinin cəmiyyətdə genderi siyasi və ya ideoloji mübarizə predmeti kimi deyil, sosial inkişaf faktoru kimi təqdim etməlidir. Bu zaman məlumatların manipulyasiyasından, şişirdilmiş narrativlərdən və ayrı-seçkilik yaradan ifadələrdən yayınmaq vacibdir. Eyni zamanda sosial şəbəkələrdə dezinformasiya ilə mübarizə də bu sahədə xüsusi əhəmiyyət daşıyır.
Gender və demoqrafiya mövzuları çox vaxt emosional reaksiya doğurduğu üçün yanlış məlumatların yayılması daha asan olur. Bu isə ictimai qütbləşməni artırır və real problemlərin həllini çətinləşdirir. Jurnalistlərin fakt-yoxlama bacarıqları, ekspertlərlə sıx əməkdaşlıq və etik kodeksin qorunması bu riskləri azalda bilər. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması yalnız məlumat vermək deyil, həm də cəmiyyətin sosial inkişafına töhfə vermək missiyasını daşıyır. Media bu mövzuları gündəmdə saxlamaqla, onları sağlam şəkildə müzakirəyə çıxarmaqla, problemlərin səbəblərini açmaqla və həll yollarını gündəmə gətirməklə həm maarifləndirici, həm də ictimai məsuliyyət daşıyan mühüm bir sosial institut rolunu oynayır.
Fidan Hacızadə
Sfera.az
Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Qeyd: yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

