Gecələr sosial media aktivliyi artır - Bunun faydalı tərəfləri varmış – ARAŞDIRMA

Son illərdə gecə saatlarında sosial media aktivliyinin artması xüsusilə gənclər arasında geniş yayılıb. İstifadəçilər 22:00–03:00 aralığında internetə daha çox girir, mesajlaşır, videolar izləyir və sosial şəbəkələrdə vaxt keçirirlər.
Sfera.az Avropa və ABŞ-də aparılan araşdırmalara istinadən xəbər verir ki, bu tendensiyanın həm müsbət, həm də ciddi mənfi tərəfləri mövcuddur.
Gecələr sosial media istifadəsinin müəyyən üstünlükləri var. Sakit mühitdə ünsiyyət daha rahat olur, distraksiyalar azaldığı üçün uzun və dərin söhbətlər mümkündür. Eyni zamanda, sosial narahatlıq yaşayan şəxslər üçün gecə saatları daha təhlükəsiz və sərbəst ünsiyyət mühiti yaradır. Kontent yaradıcıları da məhz gecə vaxtlarını daha məhsuldar hesab edir. Fərqli saat qurşaqlarında yaşayanlarla ünsiyyət quran istifadəçilər üçün də gecə saatları əlverişli hesab olunur.
Bununla yanaşı, gecə sosial media aktivliyi sağlamlıq baxımından ciddi risklər yaradır. Gecə saatlarında ekrandan yayılan mavi işıq melatonin ifrazını zəiflədir, bu isə yuxuya getmə müddətini uzadır və yuxu ritmini pozur. Yuxusuzluq gündüz yorğunluğu, diqqət dağınıqlığı və yaddaş problemləri ilə nəticələnir.
Gecə sosial şəbəkə istifadəsini depressiv emosiyaların, təşvişin və sosial müqayisənin artması ilə də əlaqələndirilir. Gecə saatlarında emosional həssaslıq yüksək olduğu üçün neqativ paylaşımlar daha güclü təsir göstərir. Gecə oyaq qalmağın hormon balansını dəyişdirdiyi, immuniteti zəiflədə biləcəyi və metabolizmi ləngitdiyi bildirilir.
Gecə saatlarında uzun müddət onlayn qalmaq nəzarətin itməsi, düşünülməmiş paylaşımlar və şəxsi məlumatların təhlükəli şəkildə paylaşılması ilə nəticələnə bilər.
Mütəxəssislər zərər riskini azaltmaq üçün 23:00-dan sonra ekran müddətini minimuma endirməyi, telefon bildirişlərini söndürməyi, yatmazdan əvvəl isə ən azı 30 dəqiqə sosial şəbəkələrdən uzaq qalmağı tövsiyə edir.
Niyaz Hacıyev
Sfera.az
