“Mavi Balina” oyunu buna görə öldürürmüş - XƏBƏRDARLIQ

Son illərdə sosial şəbəkələrdə yayılan təhlükəli internet oyunları bir çox ölkədə valideynləri təşvişə salıb. Uşaqların psixoloji zəifliyindən istifadə edən bu oyunlar onları manipulyasiya edərək, qorxudur, sosial mühitdən ayırır və özünə zərər verməyə sövq edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, virtual aləmdə yayılan bu oyunlar real həyatda ciddi fəsadlar yaradır.
Sfera.az həmin təhlükəli oyunları təqdim edir:
“Blue Whale” yəni “Mavi Balina” oyunu uşaqları ciddi təhlükəyə salır. 2013-cü ildə Rusiyada yaranmış “Mavi Balina” oyunu iddialara görə, oyun 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilir. Oyunun xarakteri gəncləri cəlb edərək onlara yüngül işlər tapşırıb, sonda intihara sövq olunmasıdır. Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdur. Oyun səbəbindən "ən azı 16 uşağı intihara təşviq etmək" günahından həbs olunan Budeykin, "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirib. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilib və həbs olunub. Araşdırmalar göstərib ki, 2015 2016-cı illərdə yüzlərlə gənc bu oyunun təsiri ilə həyatına son qoyub. Oyunun rəsmi internet ünvanı və qanuni satışı yoxdur. Rusiyanın söhbət saytlarında oyuna girmək istəyənlərə link göndərilir. Bu link vasitəsilə oyunçunun kompüterinə virus göndərilir və bütün şəxsi məlumatları ələ keçirilir. Ələ keçirilən məlumatlar sonradan şantaj üçün istifadə edilir. Şikəst olmağa səbəb ola biləcək tapşırıqlardan tutmuş qorxu filmi izləməyə qədər tapşırıqlar oyunçulara verilir. Tapşırığı yerinə yetirə bilməyənə isə "Öl, yenə də dünyaya gələcəksən" fikri təlqin edilir. Bəzən isə sübh saatlarında yuxudan oyandırılan oyunçu qorxulu video çarxları izləyir. Manipulyasiya edilən uşaqlar 49 tapşırıq nəticəsində psixoloji və fiziki ziyana məruz qalırlar. 50-ci gün isə final tapşırıq "balina olmaq" adlanır və oyunçuya intihar etməsi əmr edilir. Oyunu oynamaq istəyən şəxsə internet piratları tərəfindən virus tərkibli bir link göndərilir. Göndərilən link vasitəsilə şəxsi məlumatlar ələ keçirilir. Bu yolla oyunu oynayan şəxs ətrafındakı insanlarla bağlı təhdid, şantaj və kiber zorbalığa məruz qalırlar.
“Momo Challenge" uşaqları qorxu ilə idarə edən oyundur. Qorxunc simalı “Momo” obrazı “WhatsApp” və sosial platformalar üzərindən uşaqlara mesaj göndərərək, onları gecəyarısı gələn tapşırıqları yerinə yetirməyə məcbur edir, şantaj olunur, yuxusuz qalır, özünə zərər verməyə sürüklənir. Psixoloqlar bildiriblər ki, bu oyun uşaqların şüuraltına qorxu və təşviş aşılayıb. Uşaqları intihara sürüklədiyi iddia edilən bu internet oyunu öz şəklini və adını yapon heykəltəraş Keisuke Aiso tərəfindən hazırlanmış quş qadın heykəlindən götürür. Doğuş zamanı ölən qadının dünyaya yarı insan, yarı quş şəklində qayıtması və qorxu salması hekayəsi əsasında hazırlanan bu heykəl; solğun dərisi, qabarıq gözləri və qəribə təbəssümü olan qadın fiquru və bu, internet vasitəsilə bütün dünyaya sürətlə yayılıb.
"Blue Baby” oyunu qaranlıq mühitdə qorxu yaradır. “Momo” və “Blue Whale”dən sonra virtual dünyanın ən zərərli oyunlarından biri də “Blue Baby”dir. Uşaqların həyatını təhlükəyə atan bu oyunda da digər oyunlarda olduğu kimi müxtəlif göstərişlərə əməl edərək zərərçəkənlərin özlərinə zərər vermək qarşıya məqsəd qoyulub. Hədəf auditoriyası olaraq 9-16 yaş arası uşaqları xüsusi olaraq təyin edən oyun, ümumiyyətlə, hamam mühitində oynanılır. Fiziki reaksiyaların oynanıldığı “Blue Baby”də ilk növbədə hamamdakı işıqların söndürülməsi istənilir. İddiaya görə, oyunçudan əlindəki telefonu silkələmək istənilir və daha sonra oyunçu qolunda ağırlıq hiss etməyə başlayır. Mavi körpənin anası: “Balamı burax!” deyərək oyunçuya səslənir. Bir çox mənbələrə görə, bu mərhələdə oyunu tərk etməyən uşaqların psixi sağlamlığında ciddi problemlər yaranır.
“Fire Fairy” uşaqları alovla oynamağa təşviq edir. Bu oyun qız uşaqlarını gecə saatlarında oyanmağa istiqamətləndirir. Təlimatlarda uşaqlara “pəri olmaq üçün alov yandırmaq” fikri təlqin edilib. Bir çox ölkələrdə bu oyuna görə ev yanğınları baş verib və uşaqlar yanıq xəsarətləri alıblar.
“Choking Challenge” həyati təhlükə yaradır. “TikTok”da yayılan “boğulma sınağı” uşaqlardan qısa müddət özlərini boğma hərəkəti etməyi tələb edib. Bu davranış beyinə oksigen çatışmazlığı yaradıb, huş itirmə və qəfil ölüm halları ilə nəticələnib. Bir çox ekspertlər bu trendi “ölüm çağırışı” adlandırıb.
“Slenderman Challenge” uşaqları mistik qorxuya salan oyundur. “Slenderman” obrazı ilə internet mifologiyasından qaynaqlanıb. Üzü olmayan uzun siluetli bu personaj uşaqlara “tapşırıqlar” göndərərək onları gecəyarısı meşəyə getməyə, gizlənməyə, özünə zərər verməyə cəlb edib. Bəzi ölkələrdə bu oyunun təsiri ilə cinayət hadisələri baş verib. Psixoloqlar bildiriblər ki, əgər uşaq gecələr oyaq qalıb, dostlarla əlaqəni kəsib, otaqda uzun müddət tək oturub, qollarında kəsik izləri gizlədib, depressiv musiqilər dinləyib, sosial ünsiyyətdən uzaqlaşıbsa mütləq diqqətə alınmalı, psixoloji dəstək alınmalıdır. Mütəxəssislər valideynləri uşaqları diqqətlə izləməyə, onlarla açıq ünsiyyət qurmağa və təhlükəli məzmunlara qarşı maarifləndirmə aparmağa çağırır.
Bəsti Rəfizadə
Sfera.az
