Ən böyük nüvə kompleksi işə başlayır - Etiraz qalxdı

Yaponiyada “Fukuşima” fəlakətindən sonra bağlanan “Kaşivazaki-Kariva” atom elektrik stansiyasının yenidən fəaliyyətə başlaması gündəmin əsas mövzularından birinə çevrilib.
Dünyanın ən böyük nüvə kompleksi hesab olunan stansiya, etirazlara baxmayaraq işə salınmağa hazırlanır.
Sfera.az xəbər verir ki, Tokiodan yüksək səviyyəli biznes nümayəndə heyəti dünən stansiyanı ziyarət edib. Bu gün isə obyekt ərazisində genişmiqyaslı təhlükəsizlik təlimi keçirilir. Təlimlər, stansiyanın operatoru olan “Tokyo Electric Power Company”nin (TEPCO) ictimai etimadı bərpa etmək üçün apardığı kampaniyanın tərkib hissəsidir. Tokiodan təxminən 300 kilometr şimal-şərqdə, Yapon dənizi sahilində yerləşən “Kaşivazaki-Kariwa” kompleksi 2011-ci ildə baş verən sunaminin “Fukuşima Daiiçi” reaktorunu məhv etməsindən sonra bağlanmışdı.
TEPCO üçün stansiyanın 6-cı blokunun yenidən işə düşməsi “Fukuşima” faciəsindən bəri ilk belə addım olacaq. TEPCO prezidenti Tomiaki Kobayakava nüvə enerjisinin ölkə üçün əhəmiyyətini vurğulayaraq deyib:
“Yaponiyanın enerji resursları məhduddur, buna görə nüvə enerji istehsalı vazkeçilməzdir. Qəzanın məsuliyyətini daşıyan şirkət olaraq təhlükəsizliyi maksimum səviyyədə təmin etməli və görülən tədbirlərin həm yerli icmalar, həm də geniş ictimaiyyət tərəfindən başa düşülməsini təmin etməliyik”.
Lakin bölgədə narazılıq artıb. Kaşivazaki Şəhər Məclisinin üzvü Yukihiko Hoşino yerli əhalinin ciddi narahatlıq içində olduğunu bildirib.
Onun sözlərinə görə: “Ən böyük sual eynidir: Qəza olsa nə olacaq? İnsanların təhlükəsiz şəkildə təxliyə edilib-edilməyəcəyi ən əsas narahatlıqdır”.
Hoşino stansiyanın yenidən açılmasına qəti şəkildə qarşı çıxır. TEPCO hələ də 1986-cı il Çernobildən sonra dünyanın ən ağır nüvə faciəsi hesab edilən “Fukuşima Daiiçi” qəzası ilə bağlı kompensasiya ödənişlərini davam etdirir. Məsələyə dair qərarın bu gün keçiriləcək məclis iclasında açıqlanacağı gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az
