Bayram yaxınlaşır: təntənə neçəyə başa gəlir?

Bayram yaxınlaşır: təntənə neçəyə başa gəlir?
Kateqoriya məlum deyil
T

Yeni il bayramına yaxınlaşarkən bir çox evlər bayram hazırlıqlarına başlayır: evin təmizliyi, dekorasiya, süni və ya təbii şam ağacının quraşdırılması və bəzədilməsi, işıqlar və bayram aksesuarlarının alınması. Ən əsas simvollardan biri şam ağacıdır.

 

Şam ağacı bayram ab-havası yaradan, evin içini bəzəyən əsas elementlərdən biridir. Bu ənənə qədim köklərə malikdir: həmişəyaşıl ağaclar və çələnglər “ölməz həyat”ın və təzəliyin, bayramın, ümumiyyətlə yeni başlanğıncların simvolu sayılır.

 

Müxtəlif xalqlarda qışda evə ağac gətirmək ənənəsi olub. Bu, coğrafi və mədəni fərqliliklərə baxmayaraq bizi indiki bayram dekorasiyası adətlərinə gətirib çıxarıb. Xristianlar İsanın doğumunu qeyd etmək üçün dekabrın 25-ni Milad bayramı kimi qeyd edir. Yeni il şənliklərində işıqlar və bəzək əşyaları ilə təchiz edilən şam ağacına Milad ağacı deyilir. Bu gün Milad ağacının bütpərəstlik ənənələrindən gələn bir ritual olduğu məlumdur. Şam ağacı isə dekabrın başlanğıcından Milad ayına qədər qurula bilər.

 

Həmişəyaşıl ağaclardan və çələnglərdən ölməz həyatın simvolu kimi istifadə edilməsi qədim misirlilərin, çinlilərin və yəhudilərin ümumi ənənəsi idi. Almaniyada qışın ortasında bayram günlərində evin girişinə və ya içərisinə Yule (Yeni il) ağacı qoyulurdu. Latviya və Estoniya ilk şam ağacının vətəni olduğunu iddia edirlər. Latviya öz Milad ağacı ənənələrini 1510-cu ildən, Qara Başlar Evi adlı tacir gildiyasının şəhərin içindən bir ağacı daşıdığı, bəzədiyi və sonra yandırdığı zamana qədər izləyir. Estoniya isə bu iddiaları rədd edərək, eyni gildiya tərəfindən 1441-ci ildə paytaxtı Tallində təşkil edilən oxşar festivala dair sübutların olduğunu deyir. Tarixçilər hər iki iddiaya şübhə ilə yanaşırlar.

 

Riqadakı Latviya Milli Kitabxanasının əməkdaşı Qustavs Strenqa 2016-cı ildə New York Times qəzetinə demişdi ki, gildiya şənliyinin Milad bayramı ilə heç bir əlaqəsi yoxdur. Hazırda, xüsusilə süni şam ağacları geniş yayılıb, təbii ağac kəsmək əvəzinə, plastic, PVC, süni materiallardan hazırlanmış ağaclar evdə uzun müddət saxlanıla və illər boyu istifadə oluna bilər. Lakin günümüzdə süni şam ağacları o qədər bahadır ki, hətta bəzi insanlar canlı ağacı kəsməyi belə düşünür. Düşünün ki, hər dekabr ayında dünyanın müxtəlif yerlərində insanlar ən yaxın meşəyə gedir, ağacı kəsir, evlərinə gətirir, işıqlarla, bəzəklərlə, dekorativ əşyalarla onu bəzəyir, sonra isə yanvar ayında həmin ağacı atırlar. Bu ekoloji terrordur.

 

Bəs, şam ağacları niyə belə bahadır?

 

Sfera.az mövzu ilə bağlı araşdırma aparıb. Yeni il bayramına sayılı günlər qalması ilə əlaqədar Bakı və regionlarda şam ağaclarına olan tələbat hiss olunan dərəcədə artıb.

 

Satıcıların sözlərinə görə, həm süni, həm də canlı şam ağaclarının qiymətlərində ötən illə müqayisədə müəyyən bahalaşma qeydə alınıb. Bunun əsas səbəbləri arasında idxal xərclərinin yüksəlməsi, logistik məsrəflərin artması, həmçinin mağaza və satış məntəqələrində tələbin kəskin çoxalması göstərilir.

 

Bu il xüsusilə böyük ölçülü və işıqlı dekorasiyaları olan şam ağacları alıcılar arasında daha populyardır. Eyni zamanda, büdcə variantlarına da maraq yüksəkdir. Satıcılar bildirirlər ki, alıcıların əksəriyyəti həm mənzillər üçün kompakt ölçülü süni ağaclara, həm də ofis və müəssisələr üçün iri dekorativ modellərə üstünlük verir.

Ticarət mərkəzləri və internet mağazalarında satışın həcmi ötən ilə nisbətən təxminən 25-30 faiz artıb. Bu isə bayram atmosferinin əvvəlki illərlə müqayisədə daha tez hiss olunması ilə izah edilir. Eyni zamanda, süni şam ağaclarının aksesuarları – oyuncaqlar, LED işıqlar və dekor dəstlərinə də maraq kəskin yüksəlib.

 

Aşağıda mağazalarda və onlayn satış platformalarında bu il üçün ən çox rast gəlinən şam ağacı qiymətləri göstərilib:

 

"2025-2026-cı il mövsümü üçün şam ağacı qiymətləri:

 

60–90 sm süni şam ağacı: 15-30 AZN, 120 sm süni şam ağacı: 80-90 AZN, 150 sm süni şam ağacı: 120-150 AZN, 180 sm süni şam ağacı: 150-220 AZN, 200-20 sm premium süni modellər: 200-400 AZN, 300 sm və daha hündür süni şam ağacları: 650+ AZN.

 

İşıqlı (LED ilə) süni ağaclar: 250-500 AZN

 

Dekor və oyuncaqların dəsti: 10-100 AZN Nəticə olaraq, bir ailənin evini Yeni il üçün bəzəməsi orta hesabla belə formalaşır: ən minimal seçimdə, yəni ucuz ağac + sadə bəzəklərlə təxminən 300 manat kifayət edir. Daha rahat və orta səviyyəli variant isə 300-450 manat arasında dəyişir. Evi tam şəkildə bayram ab-havasına salmaq, həm ağacı, həm də ətraf dekorları zəngin şəkildə bəzəmək istəyənlər üçün ümumi xərc 400-600 manat arasında ola bilər. Premium ağac və yüksək keyfiyyətli aksesuarlar alınacağı halda məbləğ daha da yüksələ bilir".

 

Beləliklə, əvvəlki illərdə qeyd olunan “orta hesabla 300 manat” rəqəmi bu gün də tamamilə realdır, lakin seçimin genişlənməsi və dekor tələbinin artması fonunda bəzi ailələrin büdcəsi əvvəlkindən bir qədər artıq çıxır. Ailələr bayram hazırlığını əvvəlcədən planlaşdırsa, ağac və bəzək seçimlərini büdcəyə uyğun müəyyən etmək olar. Sadə dekorla belə evdə Yeni il ab-havası yaratmaq mümkündür, daha geniş və zəngin bəzək istəyənlər isə bir qədər yüksək büdcə ayırmalıdırlar.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ