Özümüzü yanğından necə qoruyaq? - AÇIQLAMA

Son vaxtlar çoxlu sayda insanın ölümü və ciddi dağıntılarla nəticələnən hadisələr baş verib. Bu cür hadisələrin baş verməsinin əsas səbəbi kimi texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.
Xəbər verdiyimiz kimi, ölkəmizdə də bir neçə gün öncə belə bədbəxt hadisə yaşanıb. Belə ki, noyabrın 22-si Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən zəhərlənərək həyatını itirib, 27 nəfər isə tüstüdən zəhərlənib. Yanğının elektrik şaxtasından qaynaqlandığı bildirilib.
Maraqlıdır, belə halların qarşısını almaq və ya nəticələri minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən yanğın təhlükəsizliyi üzrə ekspert Orxan Musayev bildirib ki, binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biri hesab olunur:

Onun sözlərinə görə, təhlükəsizlik sadəcə avadanlıqlardan ibarət deyil, həm də insanların düzgün davranışından, texniki stendlərin düzgün işləməsindən və ümumi nəzarətdən formalaşan prosesdir:
"Binanın mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri və havalandırma qurğuları mütəmadi yoxlanılmalıdır. Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır. Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyyə olunması üçün təxliyyə planları mövcud olmalıdır”.
Ekspert yanğın anında hansı şəkildə davranmağın lazım olduğuna da diqqət çəkib:
"Bu hadisələr baş verdikdən sonra isə insanların həyat və sağlamlığına zərərin dəyməməsi üçün görülməli olan kompleks tədbirlərə əməl olunmalıdır. Yanğın zamanı insanların zərər görməməsi üçün ilk növbədə təşvişdən uzaq durulmalıdır. Tüstü olan zonalarda yerə yaxın hərəkət etmək lazımdır çünki tüstü hündürlüyə doğru yığılmağa davam edir, oturaraq, uzanaraq hərəkət etmək tüstüdən zəhərlənməni minimuma endirir. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq lazımdır. Çıxış yolu yoxdursa, sakinlər qapı boşluqlarını nəm dəsmalla bağlamalı, tüstünün qarşısını almalı, balkona çıxaraq müvafiq dövlət qurumları tərəfindən kömək gözləməlidirlər. Yanğın zamanı əsas ölüm səbəblərindən biri tüstüdür. Binanın birinci mərtəbəsində ictimai və iaşə obyektlərinin olması əlavə risklər yarada bilər çünki burada istilik mənbələri çoxdur”.
Mütəxəssis restoranlarda izolyasiya sistemlərinin qurulması məsələsinə toxunub:
"Bununla belə, hər hansısa qazla istismar olunan cihazların həmin qeyri-yaşayış sahələrində istifadə olunması da təhlükəli və qadağandır. Yanlız elektrik qızdırıcılardan istifadə icazəlidir. Həmin obyektlər bütün normativlərə əməl etməlidir. Restoranla yaşayış sahəsi arasında izolyasiya sistemləri qurulmalıdır. Təhlükəsizlik sadəcə texniki məsələlərdən ibarət deyil. Burada həm obyekt sahibinin məsuliyyəti, həm sakinlərin diqqəti, həm də maarifləndirmə böyük rol oynayır.”
Firuzə Əliyeva
Sfera.az





