“Yaşayış binalarında bu sahələrə qaz verilməməlidir” – EKSPERT

"Yaşayış binalarında bu sahələrə qaz verilməməlidir" – EKSPERT
Kateqoriya məlum deyil
T

Son zamanlar yaşayış binalarında baş verən yanğın hadisələri bina sakinlərində narahatlığa səbəb olub. İnsanları düşündürən əsas məsələlərdən biri bu kimi faciələrin təkrar olmaması üçün hansı profilaktik tədbirlərin görülməsidir.


Faciələrin təkrarlanmaması üçün hansı dəyişikliklər vacibdir?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, binalarda təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil, kompleks prosesdir:


“Binalarda təhlükəsizlik məsələləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biridir. Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil. O həm də insanların düzgün davranışından, həm texniki sistemlərin işlək olmasından, həm də ümumi nəzarətdən formalaşır”.


Ekspert binanın mühəndis-kommunikasiya xətlərinin mütəmadi yoxlanmasının vacib olduğunu qeyd edib:


“Elektrik sistemi, qaz xətləri, havalandırma qurğuları mütləq dövri şəkildə nəzarətdən keçirilməlidir. Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə olmalıdır. Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyəsi üçün təxliyə planları mövcud olmalıdır”.

 


O.Musayev yanğın zamanı sakinlərin davranış qaydalarına da xüsusi diqqət çəkib:


“Yanğın zamanı ilk növbədə panikadan uzaq durmaq lazımdır. Tüstü olan zonalarda yerə yaxın hərəkət etmək vacibdir, çünki tüstü əsasən yuxarıya doğru yığılır. Yerə yaxın hərəkət tüstüdən zəhərlənmə riskini minimuma endirir. Əgər təxliyə mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün mənzilə daxil olmasının qarşısını almalı və balkona çıxaraq kömək gözləməlidirlər. Tüstü yanğın zamanı ölüm hallarının əsas səbəblərindən biridir və bu səbəbdən sakinlər tüstüdən qorunmağın yollarını bilməlidirlər”.

 

Mütəxəssis yaşayış binalarının aşağı mərtəbələrində yerləşən restoran və digər iaşə obyektləri əlavə təhlükə mənbəyi olduğunu vurğulayıb:


“Restoranlarda istilik mənbələri çox olduğundan risk artır. Qaydalara əsasən, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qaz verilməsi qadağandır. Buna baxmayaraq, bəzi hallarda qazla işləyən cihazların istifadəsinə rast gəlinir ki, bu, son dərəcə təhlükəlidir. Bu cür obyektlərdə yanğın siqnalizasiya sistemləri, yanğınsöndürmə vasitələri, izolyasiya qurğuları və tüstünün keçməsinin qarşısını alan sistemlər mütləq şəkildə təmin olunmalıdır.Təhlükəsizlik təkcə texniki məsələlərdən ibarət deyil. Bu prosesdə həm obyekt sahibinin məsuliyyəti, həm sakinlərin diqqəti, həm də ümumi maarifləndirmə böyük rol oynayır”.


Bəsti Rəfizadə
Sfera.az 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR