O zəlzələdən 25 il ötür...

2000-ci il noyabrın 25-də Azərbaycan paytaxtı Bakı şəhərində son yüz ilin ən güclü zəlzələlərindən biri baş verib.
Belə ki, 25 il bundan öncə saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunan zəlzələ yaşanır. Onun episentri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşib. Təkanlar iki dalğa şəklində olub 22 saniyə davam etmişdi.
Sfera.az xəbər verir ki, zəlzələ nəticəsində 30 nəfər həyatını itirmiş, müəyyən binalarda çatlar yaranmış, lakin ümumilikdə ciddi dağıntılar qeydə alınmamışdı. Köhnə sovet binaları zəlzələyə davam gətirib. Ardınca kiçik maqnitudalı təkanlar da müşahidə olunub və əhali arasında şok effekti yaratmışdı.
Ümummilli Lider Heydər Əliyevin 28 noyabr 2000-ci il fərmanına əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 5 milyard manat vəsait ayrılıb. Zəlzələnin təsirinə məruz qalan ərazilərə qiymətləndirmə qrupları göndərilib və Bakıda 19 ailə üç ağır zədələnmiş binadan evakuasiya edilib. Məktəblər isə ehtiyat tədbiri olaraq müvəqqəti bağlanmışdı.
Zəlzələ nəticələrinin aradan qaldırılması üçün Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı Federasiyası 590.000 ABŞ dolları həcmində təcili yardım üçün müraciət edib.
Bu hadisə Bakı sakinlərinin xatirəsində dərin iz buraxıb və o dövrdə görülən tədbirlər ölkənin fövqəladə hallar sisteminin gücləndirilməsinə önəmli töhfə olub.
Niyaz Hacıyev
Sfera.az





