Utanmaq hissi yoxa çıxır: Yeni cərimələr kömək edəcəkmi?

Utanmaq hissi yoxa çıxır: Yeni cərimələr kömək edəcəkmi?
Kateqoriya məlum deyil
T

Qanunvericiliyə təklif edilən yeni dəyişikliyə əsasən, internet informasiya resurslarında fahişəliyə çağırış edən şəxslər, yaxud özünü bu məqsədlə açıq nümayiş etdirənlər 500 manat məbləğində cərimələnəcəklər. 


Bəs bu qərar ölkədə cəmiyyətin əxlaqi dəyərlərinin qorunmasına və tənzimlənməsinə kömək edə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Mətanət Məmmədova İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklərə ciddi şəkildə ehtiyacın olduğunu deyib:

 

“Çünki bu məcəllə qəbul olunanda sosial şəbəkələrdən istifadə indiki qədər geniş yayılmamışdı. Artıq Azərbaycan cəmiyyəti öz həyatının böyük hissəsini virtual mühitdə keçirir, demək olar ki, insanlar günün çoxunu sosial platformalarda olur. Bu tendensiya bütün dünyada mövcud olsa da, bizdə daha qabarıq şəkildə hiss olunur. Təəssüf ki, azyaşlılar da sosial şəbəkələrdən geniş istifadə edirlər və onları bu məkanın mənfi təsirlərindən qorumaqda çətinlik çəkirik. Valideynlərin bir qismi məsuliyyətsiz şəkildə uşaqlara telefon verir, onların hansı videolarla qarşılaşa biləcəyini düşünmür. Uşaq yemək yeməyəndə video açılır, uşaq ağlayanda telefon verilir, valideyn ev işi görərkən, seriala baxarkən və ya sadəcə sakitlik istəyəndə cihaz yenidən uşağın əlinə verilir. Lakin heç kim düşünmür ki, uşaq otağın bir küncündə hansı məzmunla üz-üzə qalır, həmin videolarda nə ilə qarşılaşır”.

 

 

Sosioloqun fikrincə, sosial mediada bədənini açıq şəkildə nümayiş etdirən, canlı yayımlarda qeyri-etik davranış sərgiləyən və açıq şəkildə özünü reklam edən şəxslər var:

 

“Həmçinin dil və üslub baxımından etik normalara uyğun olmayan çıxışlar edənlər də az deyil. Hazırda tətbiq olunan 500 manatlıq cərimə belə halların qarşısını almaq üçün kifayət deyil. Məncə, bu məbləğ xeyli artırılmalı, hətta əlavə sanksiyalar nəzərdə tutulmalıdır ki, həmin şəxslər bir daha bu cür hərəkətlərə meyil göstərməsinlər. Bu davranışlar təkcə əxlaqi dəyərlərimizin aşınmasına deyil, həm də milli-mənəvi dəyərlərimizin, ailə institutunun zəifləməsinə səbəb olur. Üstəlik, müxtəlif qeyri-rəsmi strukturlar da sosial şəbəkələr vasitəsilə bu prosesə təkan verir. Cəmiyyətimizdə utanmaq hissi tədricən yox olmağa doğru gedir və bu çox narahatedici tendensiyadır. Əgər İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul olunsa, düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür. Əxlaqsızlığı təbliğ edən şəxslər üçün daha sərt qadağalar tətbiq oluna bilər, hətta sosial şəbəkələrə girişi məhdudlaşdırmaq kimi tədbirlərin hüquqi mexanizmləri müzakirə edilə bilər. Bu məsələnin hüquq-mühafizə orqanları və mütəxəssislərlə geniş şəkildə müzakirəsi vacibdir”.

 

M.Məmmədova azyaşlı və yeniyetmələrin tərbiyəsi baxımından da bu addımların çox əhəmiyyətli olduğunu əlavə edib:

 

“Çünki biz sosial şəbəkələrdə qarşılaşdığımız qeyri-etik görüntülərdən narahat oluruqsa, uşaqlarımızın da bu məzmunlarla qarşılaşacağı danılmazdır. Valideynlər anlamalıdır ki, özləri hansı videolarla üzləşirlərsə, övladları da eyni məzmunları görə bilər. 2025-ci ildə yaşayırıq və reallıqlar dəyişib. Artıq sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətləri, tənzimləmələr və sərt hüquqi mexanizmlərin tətbiqi labüddür. Əks təqdirdə, bu günün nəticələrini bir neçə il sonra daha ağır formada görəcəyik”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR