Binalarda təhlükəsizlik böhranı: Yaşayış binalarında restoran olmalıdırmı?

Binalarda təhlükəsizlik böhranı: Yaşayış binalarında restoran olmalıdırmı?
Kateqoriya məlum deyil
T

Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın geniş ictimai rezonans doğurub. Sakinlərin iddialarına görə, hadisənin baş vermə səbəbi binanın birinci mərtəbəsində yerləşən restoranın fəaliyyəti ilə bağlıdır.

 

Yaşayış binalarının altında restoranların yerləşməsi nə dərəcədə düzgündür və bu obyektlər üçün hansı əsas təhlükəsizlik tələbləri var?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bu hadisənin yaranmasının başlıca səbəblərinin ilk növbədə tikintidə mövcud olan boşluqlarla bağlı olduğunu deyib.

 

Ekspertin sözlərinə görə, Azərbaycanda tikinti normaları və standartları var, lakin bir çox tikinti şirkəti bu standartlara səthi şəkildə əməl edir:

 

“Şirkətlər çalışırlar ki, istifadə olunan tikinti materiallarında da qənaət etsinlər. Materialların müəyyən hissələri standartlara cavab versə belə, onların texniki göstəriciləri hər zaman kifayət qədər güclü olmaya bilər. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycana Çin də daxil olmaqla müxtəlif ölkələrdən keyfiyyətsiz materiallar idxal olunur. Hansı ki, yalnız laboratoriya yoxlamasından keçdikdən sonra və uzun müddət istifadə edildikdən sonra qüsurları üzə çıxa bilər. Düşünürəm ki, bu kimi problemlər sonradan ciddi nəticələrə gətirib çıxarır”.

 

Ekspert bunun ölkəmiz üçün təəccüblü hal olmadığını bildirib. O, qeyd edib ki, artıq 10-a yaxın, hətta bir qədər də çox yeni tikilmiş çoxmənzilli binada, kabel şaxtalarında və yaxud texniki otaqları olan ayrılmış ərazilərdə yanğınlar baş verib:

 

“Səbəblər müxtəlifdir və inşaat normativləri, tətbiq olunan materiallarla bağlı, onların tərkibində olan qüsurlarla bağlı nüanslar çoxdur. Hətta material müəyyən qədər standartlara cavab versə belə, istismar qaydalarına əməl edilməsi də önəmlidir. İstismar zamanı qaydalara əməl edilmədikdə elektrik xətləri həddindən artıq yüklənir, aşınma yaranır və nəticədə qısaqapanmalar və ya digər qəzaların baş vermə ehtimalı artır. İstismar qaydalarına əməl edilməməsinin başlıca səbəbi çoxmənzilli binaların düzgün idarə olunmamasıdır. Yəni binaları kim idarə edir, hansı hüquqi əsaslarla idarə edir, ümumiyyətlə o şəxslərin orada nə səlahiyyəti var? Bunlar açıq suallardır. Çox hallarda idarəetmə şirkətləri və komendant vəzifəsində təyin edilənlər peşəkar olmur. Ölkədə bu sahədə mütəxəssislər çox azdır və mövcud mütəxəssislərə də lazımi qiymət verilmir”.

 

 

E. Azadovun fikrincə, nəzərə almaq lazımdır ki, ölkədə 2500-ə yaxın yeni tikilmiş çoxmənzilli bina var və onların da təxminən 98–99%-nin idarə edilməsində qanunvericiliyin tələblərinə əməl olunmur:

 

“Qanunlara görə, çoxmənzilli binalar mütləq şəkildə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) çevrilməlidir. Lakin bizim ölkədə MMMC-lər bütün binaların 10%-ni təşkil edir. Hətta müştərək cəmiyyət yarandığı halda bu dolayı yolla idarə olunur. Yəni məqsəd çoxmənzilli binalardan qazanc əldə etməkdir”.

 

Əmlak eksperti qeyri-yaşayış sahələrinin idarə olunmasının da mütləq şəkildə MMMC-nin və ya MTK-nın nizamnaməsi ilə təşkil edilməli olduğunu vurğulayıb:

 

“Təəssüf ki, ölkəmizdə vəziyyət fərqlidir. Əksər binalarda qeyri-yaşayış sahələri tikinti şirkətinin və ya tikinti sahibinin mülkiyyətində qalır. Onlar bu əraziləri ya icarəyə verirlər, ya da satırlar. Lakin satıldığı halda belə, qeyri-yaşayış sahələrinin istismarı və idarə olunması sakinlərin marağında olmur. Buna görə də həmin sahələrin idarə edilməsi zamanı binaya ziyan vurulur. Bu sahələr adətən icarəçilərə verilir və icarəçilər layihədə nəzərdə tutulmayan əlavə işlər görürlər. Bu əlavə işlər aparıldıqca bina normadan artıq yüklənir və ya standartlara cavab verməyən bir funksionallıq yaranır. Nəticədə, bu dəyişikliklər binada müxtəlif qüsurların yaranmasına, sistemlərin sıradan çıxmasına səbəb olur və bir müddət sonra müxtəlif qəzalara yol açır. Hazırda müşahidə etdiyimiz hadisə də məhz bu problemlərin konkret bir nümunəsi hesab oluna bilər”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR