ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub - FOTOLAR

ADNSU-da Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub - FOTOLAR
Kateqoriya məlum deyil
T

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)
nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.


Tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və təhsil
nazirinin müşaviri Nicat Məmmədli, universitetin professor-müəllim heyəti,
tələbələr və digər qonaqlar iştirak ediblər.


Yeni mərkəz tələbələrin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin
dəstəklənməsi, startap layihələrinin inkişaf etdirilməsi, həmçinin yeni texnoloji və
elmi ideyaların formalaşdırılması üçün mühüm inkubasiya mühiti rolunu
oynayacaq. Mərkəzin yaradılması ölkədə innovasiya ekosisteminin gücləndirilməsi
istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.


ADNSU AİM-in açılışında çıxış edən rektor Rüfət Əzizov bildirib ki, mərkəzin
əsas məqsədi tələbələrin, müəllimlərin və gənc mütəxəssislərin yeni ideyalar
üzərində birgə işləməsinə, yaratmasına və inkişaf etməsinə şərait yaratmaqdır. O,
ADNSU-nun güclü araşdırma potensialının, riyaziyyat və mühəndislik məktəbi
kimi zəngin bazasının olduğunu vurğulayaraq belə bir mərkəzin fəaliyyətə
başlamasının əhəmiyyətini diqqətə çatdırıb: “Biz çalışırıq ki, yüksək potensiallı
tələbələr və professor-müəllim heyəti üçün daha geniş imkanlar yaradaq. ADNSU
tələbələri ölkədə keçirilən startap yarışmaları, innovasiya müsabiqələri,
kibertəhlükəsizlik və inkubasiya proqramlarında hər zaman fəal iştirak edir.


Universitetimizin elmi nəticələri də ildən-ilə artır. Elm innovasiyanın əsas
hərəkətverici qüvvəsidir. Buna görə də bu mərkəzdən gözləntilərimiz yüksəkdir.
İnanırıq ki, burada həyata keçiriləcək layihələr həm universitetə, həm də ölkəmizə
ciddi fayda verəcək”.


İRİA İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında qeyd edib ki, Agentlik ölkədə
rəqəmsal transformasiya və innovasiya ekosisteminin genişləndirilməsinə xüsusi
önəm verir:


“Biz quruculuq prosesində beş əsas prinsipə istinad edirik ki, onların birincisi
infrastrukturun formalaşdırılmasıdır. Dövlət-universitet-sənaye birliyinin yaradılması inkişaf etmiş ölkələrdə innovasiya ekosisteminin uğurunun əsas
səbəblərindəndir. İnnovasiya Mərkəzinin universitet mühitində yaradılması qısa
müddətdə öz müsbət nəticələrini göstərəcək.”


Fərid Osmanov əlavə edib ki, belə bir mərkəzin məhz ADNSU-da yaradılması
təsadüfi deyil: “105 illik tarixi olan bu təhsil ocağı həm sənaye ilə əlaqələr, həm də
ekosistem baxımından çox zəngindir. Bu səbəbdən layihədən gözləntilərimiz
böyükdür.”


Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxışında mərkəzin açılmasını
yüksək qiymətləndirib. O, sənaye sahələrindən daxil olan tələblərə uyğun yeni
innovativ layihələrin icrasının universitetlər üçün, o cümlədən ADNSU üçün
mühüm imkanlar yaratdığını bildirib:


“ADNSU Azərbaycan sənayesinin inkişafına xüsusi töhfə verən təhsil
müəssisəsidir. Universitetin innovasiya sahəsində də ön sıralarda yer alması bizim
üçün vacibdir. Elm və Təhsil Nazirliyi olaraq universitetlərin sənaye ilə
əməkdaşlığının genişlənməsində maraqlıyıq və bu layihəyə dəstək verməyə
hazırıq.”


Açılış mərasimində İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev
Azərbaycan İnnovasiya Mərkəzinin konsepsiyası və fəaliyyət istiqamətləri
haqqında təqdimatla çıxış edib.


Daha sonra ADNSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini
müvəqqəti icra edən, dosent Elviz İsmayılov universitetdə innovasiya
ekosisteminin qurulması istiqamətində görülən işlər barədə geniş təqdimatla
iştirakçıları məlumat verib.


Tədbir çərçivəsində qonaqlar mərkəzdə fəaliyyət göstərən startap və innovativ
layihələrlə də yaxından tanış olublar və mövcud nümunələri yüksək
qiymətləndiriblər.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR