"Bu qadağa televiziyalara da şamil edilməlidir” – EKSPERT

Milli Məclisin qərarına əsasən, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən şəxslər 500–1000 manat cərimə və ya 30 günədək inzibati həbs cəzası ilə üzləşəcəklər. Bu qərar sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar hesab edir ki, bu məhdudiyyət cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinin qorunması baxımından zəruridir. Amma bu addım yalnızca sosial şəbəkələrlə məhdudlaşmamalıdır. Eləcə də, bəzi televiziya proqramlarında da cəza mexanizmlərinə ehtiyac var.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, sosial şəbəkələrdə süzgəc mexanizminin tətbiqi uzun müddətdir gündəmdə olan məsələdir:
“Çox yaxşıdır ki, artıq qanunverici orqanlarda bu mövzu müzakirə olunur və inzibati xətalar məcəlləsinə dəyişikliklər əlavə edilir. Eyni zamanda cinayət məcəlləsində də adekvat dəyişikliklər olmalıdır. Sosial şəbəkə istifadəçilərinin bir çoxu elə düşünür ki, burada istənilən paylaşımı etmək olar və heç bir məsuliyyət daşımayacaqlar. Lakin bu ciddi yanlış yanaşmadır. Real həyatda hüquqazidd davranışlar cəzalandırılırsa, onlayn platformalarda da eyni prinsip tətbiq olunmalıdır”.

Ü. Şəfiyev həmçinin televiziya proqramlarında da bu addımın atılmasının vacib olduğunu qeyd edib. Lakin ekspertin fikrincə, bu proses yalnız kampaniya xarakterli olmamalı, davamlı və dayanıqlı olmalıdır:
“Sosial şəbəkələrdə əxlaqsızlıq, ailə dəyərlərini dağıdan paylaşımlar, boşanmanı təşviq edən subliminal mesajların qarşısı alınmalıdır. Bu hallara qarşı sərt cəzalar tətbiq edilməlidir. Lakin yalnız sosial şəbəkələri tənzimləmək kifayət deyil, eyni zamanda televiziya və digər KİV-lərdə də monitorinq aparılmalı və əxlaqa zidd verilişlərin, subliminal mesajların qarşısı alınmalıdır. Təəssüf ki, bəzi TV kanallarında və qəzetlərdə cinayət aləminin insanları qəhrəmanlaşdırılır, bu da ictimai əxlaq üçün ciddi təhlükə yaradır”.
Ekspertin fikrincə, gələcəkdə qanunvericilik dəyişiklikləri həm sosial şəbəkələrdə, həm də KİV-lərdə cəmiyyətə hörmətsizlik və əxlaqa zidd paylaşımların qarşısını almağa yönələcək.
“Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər konkret halları əhatə etməli, ailə və ənənəvi dəyərləri sarsıdan hallar açıq şəkildə müəyyən edilməlidir. Sosial şəbəkələr və KİV-lərdə əxlaqa zidd paylaşımlara qarşı yeni tənzimləmə mexanizmi hazırlanır və bununla cəmiyyətin mənəvi dəyərlərinin qorunması məqsəd qoyulur”.
Bəsti Rəfizadə
Sfera.az






