Mobil telefonlar bahalaşacaq? - AÇIQLAMA

Mobil telefonlar bahalaşacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər mobil telefon bazarında yeni mərhələnin başlanacağına işarə edir. Yeniliyə əsasən, ölkəyə idxal olunan hər bir mobil cihaz üçün 20 manat aksiz vergisi tətbiq ediləcək, fiziki şəxslərin şəxsi istifadəsi üçün gətirdikləri ikinci və sonrakı telefonların qeydiyyatına isə 100 manat dövlət rüsumu müəyyən ediləcək.

 

Yalnız təqvim ili ərzində şəxsi istifadə üçün gətirilən bir telefon aksizdən azad olacaq.

 

Bəs görəsən, bu qərar mobil telefonların qiymətinə hansı şəkildə təsir edəcək?

 

Sualımızı cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, fiziki şəxsin şəxsi istifadəsi üçün 1 ədəd mobil cihazın aksizdən azad olması normaldır, çünki bu, adi istifadəçi üçün əlavə maliyyə yükünü aradan qaldırır.

 

 

Onun sözlərinə görə, 1-dən artıq cihaz gətirilərkən 100 manat dövlət rüsumu alınması ilə idxalçıya hər cihaz üçün 20 manat aksiz tətbiq olunması arasında nisbət fərqlidir:

 

“Əgər bir vətəndaş 2 və ya 3 telefon gətirirsə, hər bir telefon üçün 100 manat rüsum ödəməli olur ki, bu da aksiz dərəcəsi ilə müqayisədə çox yüksəkdir. Bu, sistemdə müəyyən ədalətsizlik yaradır. Minlərlə telefon gətirən professional idxalçı hər cihaz üçün yalnız 20 manat ödəyir, adi vətəndaş isə bir neçə cihaz üçün nisbətən daha yüksək rüsum ödəyir. Bu, kiçik idxalçıya daha ağır yük qoyur, böyük idxalçıya isə daha az maliyyə təsiri verir”.

 

Sədr qeyd etdi ki, bu daxili bazarda qiymət artımı təzyiqini artırır:

 

“Aksiz və rüsumlar mobil telefonların idxal xərclərini artırır. Nəticədə istehlakçıya ötürülən qiymətlər də yüksələ bilər. 100 manatlıq rüsum və 20 manat aksiz hər bir cihazın maya dəyərini artırır, xüsusilə ucuz telefonlarda bu, qiymətə nəzərəçarpan təsir göstərir”.

 

Müsahibimiz vurğuladı ki, bu, şəxsi istifadəyə gətirilən telefonların sayını azalda bilər, çünki əlavə rüsumlar daha az maraqlı edir. Nəticədə bazarda təklif azalacaq, qiymətlər isə tədricən arta bilər:

 

“İdxalçılar üçün isə aksizin nisbətən aşağı olması onların xərclərini çox artırmır, buna görə professional idxalçılar bazarda daha rəqabətli ola bilərlər”.

 

A.Nəsirli bildirib ki, qərar həm qiymətlərə artım təzyiqi yaradır, həm də bazarda təklifin strukturunu dəyişir:

 

“Kiçik şəxsi idxalçıları azaldır, professional idxalçıları nisbətən üstün vəziyyətə qoyur. Bu da rəqabət mühitinə ciddi zəribə vurur. Ədalət baxımından isə bu, qeyri-bərabər yük yaradır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR