Süni intellekt yeni dövr yaradacaq – Bu insanlara ehtiyac artacaq

Süni intellekt sahəsində texnologiya sürətlə inkişaf edərək gündəlik həyatın, iqtisadiyyatın və iş dünyasının ayrılmaz hissəsinə çevrilir. Bu texnologiya bir tərəfdən həyat rahatlığını təmin edərkən, digər tərəfdən gələcəklə bağlı ciddi narahatçılıqlara səbəb olur.
Bəs gələcək illərdə, xüsusilə yaxın 5-10 ildə süni intellektin həyatımıza əsas təsirləri nələr olacaq?
Sfera.az-a bu barədə açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay süni intellektin bu gün artıq həyatın, iqtisadiyyatın və iş dünyasının ayrılmaz hissəsinə çevrildiyini deyib.
Onun sözlərinə görə, hazırda elə bir dövrdəyik ki, süni intellektin inkişaf sürəti o qədər yüksəkdir ki, 5 il sonranı dəqiq proqnozlaşdırmaq mümkün deyil:
“Bu sahədə ən böyük texnoloji şirkətlərin özü belə yalnız ehtimal və ssenarilər üzərindən danışır. Bunun səbəbi odur ki, süni intelekt artıq xətti şəkildə yox, eksponensial templə inkişaf edir. Bununla belə, yaxın 5 ildə təsiri ən çox olacaq sahələr haqqında bəzi tendensiyaları görürük. İlk növbədə, iş dünyasında məhsuldarlıq modeli dəyişəcək. İnsanların yerinə keçməkdən çox, insanla birlikdə işləyən “köməkçi sistemlər” formalaşacaq. Rutin işlərin böyük hissəsini süni intelekt öz üzərinə götürəcək, insanlar isə daha çox yaradıcılıq, strategiya və qərarvermə tələb edən sahələrdə mərkəzi rol oynayacaqlar”.
Mütəxəssis ikinci böyük təsirin təhsil və bacarıqların yenilənməsi olacağını qeyd edib.
O bildirib ki, süni intellekt fərdiləşdirilmiş öyrənmə prosesini standart halına gətirəcək:
“Hər bir insan öz ritmində öyrənə biləcək və bu, yeni peşələrin yaranmasına səbəb olacaq. Media və informasiya sahəsi isə həm güclənəcək, həm də daha çox risklə üzləşəcək. "Deepfake" texnologiyaları, saxta xəbərlər, manipulyativ vizuallar daha da inkişaf edəcək. Eyni zamanda, fakt-yoxlama, mənbə analizi və məlumat doğrulama üçün süni intelek əsas alətə çevriləcək”.

Ü.Salay süni intelektin mənfi tərəflərini əsasən etik və sosial məsələlərlə bağlı olduğunu əlavə edib:
“İnformasiya manipulyasiyası, şəxsi məlumatların sui-istifadəsi, avtomatizasiya səbəbindən bəzi iş yerlərinin azalması kimi problemlər ciddi şəkildə nəzərə alınmalıdır. Amma mən düşünürəm ki, texnologiyanı qadağan etmək yox, etik çərçivədə düzgün idarə etmək əsas prioritetdir.
Yekunda, süni intellekt gələcəyin təhlükəsi yox, düzgün idarə olunduqda insan inkişafının ən güclü tərəfdaşına çevriləcək. Və biz 5 il sonra nələrin tam olaraq necə olacağını bilməsək də, bir şey aydındır: süni intellekti inkar edən yox, onu mənimsəyib düzgün yönləndirən cəmiyyət və şirkətlər daha güclü olacaq”.
Fidan Hacızadə
Sfera.az






