“Bu sahədəki günahkarlar Bülbüloğlu və Qarayevdir" – Etibar Əliyev

“Mədəniyyət sahəsində yaranan saysız-hesabsız problemlərin səbəbkarları Polad Bülbüloğlu və Əbülfəz Qarayevdir”.
Sfera.az xəbər verir ki, bu sözləri keçmiş millət vəkili, təhsil eksperti Etibar Əliyev mədəniyyət sahəsindəki problemləri şərh edərkən deyib.
O, sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, son günlər Mədəniyyət Nazirliyinin fəaliyyəti kəskin tənqid olunur. E.Əliyev hesab edir ki, mədəniyyət sahəsində yaranan saysız-hesabsız problemlərin səbəbkarları Polad Bülbüloğlu və Əbülfəz Qarayevdir:
"Əli Həsənov ət işi ilə məşğul olan kirvəsini “Azərkitab”a rəhbər təyin etdikdən sonra kitab mağazaları və kitabxanalar ləğv olundu, sovetlərdən qalma böyük kitab mağazalarının və kitabxanaların yerləri satıldı.
Əbülfəz Qarayev Ümummilli lider Heydər Əliyevin yaratdığı Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun yerini satıb və indi onun yerində “Kimyəvi təmizləmə” fəaliyyət göstərir. “Azərxalça” ASC-nin keçmiş rəhbəri Vidadi Muradov isə oranı korrupsiya məkanına çevirib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun fəaliyyəti də mədəniyyətə böyük zərbə vurub. Kinoteatrların nəhəng məkanları satılıb və bunları yerinə qaytarmaq çox çətindir".
Niyaz Hacıyev
Sfera.az






